Azərbaycan Tibb Universitetinin çoxprofilli Tədris Terapapevtik Klinikası qonşu dövlətlərin nüfuzlu xəstəxanaları ilə əlaqələrini daim genişləndirir. Təbabətin ən aktual problemlərinə aid fikir mübadiləsi aparılır, tanınmış mütəxəssislərin mühazirələri dinlənilir, canlı telekörpü vasitəsilə ağır xəstələrin vəziyyəti müzakirə edilir və çıxış yolları axtarılır. Xüsusi ehtiyac yarananda isə aparıcı mütəxəssislər klinikaya dəvət olunurlar.
Artıq ənənəyə çevrilən belə dəvətlər zamanı daha çox türkiyəli mütəxəssislərə üstünlük verilməsi də təbiidir. Biz bu dəvətləri zəruri edən əsas məqamları həmişə diqqətdə saxladığımızdan, iyulun 22-də İstanbul Tibb Fakültəsinin professoru, reanimatoloq İbrahim Özcan Akıncının klinikaya dəvət olunması xəbərini eşidəndə də onunla görüşmək qərarına gəldik. Məlum oldu ki, klinikanın həkim-reanimatoloqu Emil Qasımov rəhbərliklə məsləhətləşərək Türkiyədə təhsil aldığı universitetin professorunu klinikaya dəvət edib.
Yeri gəlmişkən qeyd edək ki, Tədris Terapevtik Klinikanın Reanimasiya və intensiv terapiya şöbəsi klinikanın ən vacib bölmələrindən biridir. Bu şöbədə onlarla ağır xəstənin şəfa tapması Klinikanı ölkəmizin reanimatoloji xidməti ən yüksək səviyyədə olan xəstəxanaları sırasında ön plana çıxarmışdır. Şöbəyə həyati vacib funksiyaları dayanmış, kəskin pozulmuş və ya pozulması gözlənilən xəstələr yerləşdirilir, onlara 24 saat ərzində xidmət göstərilir. Şöbədə 25 funksional çarpayı var ki, bunların da 7-si uşaqlar üçün nəzərdə tutulub. Hər çarpayının başında ən müasir tənəffüs aparatı cihazı və monitorlar yerləşdirib.
Şöbənin defibrilyatorlar, portativ rentgen aparatı, infuzomatlar, perfuzorlar və s. müasir tibbi avadanlıqlarla da təchiz edildiyini deyən şöbə müdiri, dosent Əliyar Sultanov bildirdi ki, kəskin ürək, tənəffüs, böyrək, qaraciyər çatışmazlığı olan xəstələr intensiv terapiyaya cəlb edilir, ağır vəziyyətdən çıxarılaraq klinikanın müvafiq şöbələrinə köçürülürlər.
Peşəkar tibbi personalın çalışdığı şöbənin sanitar-gigiyenik vəziyyəti yüksək səviyyədədir. Burada yatan xəstələrə günün hər saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılıb.
İstanbul Tibb Fakültəsinin professoru İbrahim Özcan Akıncının klinikaya dəvət olunmasında da məqsəd onun şöbənin işinə dair tövsiyyələrini, məsləhətlərini dinləmək, reanimasiya xidmətini daha da təkmilləşdirməkdən ibarət olub.
Reanimasiya və intensiv terapiya şöbəsi, bütövlükdə klinika haqqında ilk təəssüratının müsbət olduğunu vurğulayan professor İbrahim Özkan Akıncı müalicə alan xəstələrin xəstəlik tarixçələrini nəzərdən keçirərək ümumi müalicə taktikası və strategiyasının doğru, müasir olduğunu söylədi. Şöbənin ən ağır xəstəsi G.Fərəcovanın müalicəsi ilə bağlı öz tövsiyyələrini də verərək xəstənin mexanik ventilyatordan ayrılması üçün maye balansının daha neqativdə saxlanılmasını, eləcə də bronx dilatatoru ilə müalicənin gücləndirilməsi, antibiotik terapiya, ən son nəsil antimitotik dərmanlardan biri olan caspofungin molekulunun əlavə olunmasını məsləhət gördü. Professor İbrahim Özkan Akıncı bizə bildirdi ki, ümumiyyətlə, bu cür xəstələr başqa xəstəxanalarda itirilir. Ən vacibi xəstəyə zaman qazandırmaq, ağ ciyər və bronxlardakı problemləri çözüb rahatlamaqdır. Məsləhətləşmələr zamanı bu qənaətə gəlindi ki, xəstənin həyatda qalma şansı var. Orqanizmi möhkəmləndirdikdən sonra şüur durumunu anlamlı cavablar və işarətlərlə bərpa etmək zərurəti ortaya çıxacaq.
Türkiyəli professor klinikanın direktoru, professor Surxay Musayevlə də görüşərək xəstənin sağlamlıq durumu barədə qısa məlumat verdi.
İlk növbədə dəvətlərini qəbul etdiyinə görə professor İbrahim Özkana təşəkkürünü çatdıran prof. S.Musayev rəhbərlik etdiyi klinikanın ölkə başçısı cənab İlham Əliyevin 11 sentyabr 2007-ci il tarixli Sərəncamı əsasında inşa edilən, tədris, elmi-tədqiqat, müalicə və diaqnostika işlərini özündə birləşdirən unikal bir universitet klinikası olduğunu dedi. Qeyd etdi ki, 2007-ci il sentyabr ayının 18-də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın iştirakı ilə ümumi sahəsi 25000 m2 olan, 15 mərtəbəli, 400 çarpayılıq çoxprofilli klinikanın təməlqoyma mərasimi keçirilib, 2010-cu il oktyabrın 1-də açılışı olub.
Sovet dönəmində universitetin bütün kafedralarının şəhər klinikalarında yerləşdiyini, baş həkimlərin sağlıq bakanlığına, kafedra müdirlərinin isə rektora tabe olduğunu söyləyən S.Musayev o zamanlar anormal bir vəziyyətin yarandığını xatırlatdı: “Hörmətli rektorumuz akademik Əhliman Əmiraslanov uzun illər Moskvada çalışmış onkoloqdur. O, 1992-ci ildən bu məsələləri səlahiyyətli qurumlar qarşısında dəfələrlə qaldırararaq bildirirdi ki, universitetin klinikaları yaradılmalı, proqramlar dəyişdirilməlidir. 1998-ci ildə Azərbaycan Respublikasının prezidenti, xalqımızıın ümummilli lideri Heydər Əliyev Azərbaycan Tibb Universitetinə gəlmişdi. Bu məsələ yenidən qaldırılanda Heydər Əliyev dedi ki, ölkənin maddi durumu hələlik yeni klinikaların inşasını reallaşdırmağa yetərli deyil, vəsaitimiz yoxdur. Nəhayət, 2000-ci ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə universitetin ilk klinikası – Stomotoloji klinika, daha sonra Onkoloji klinika yaradıldı. Beləliklə, universitet klinikalarının yaradılması istiqamətində görülən işlər intensivləşdi. Cənab İlham Əliyevin prezidentliyi dövründə Tədris Terapevtik Klinikadan sonra 500 çarpayılıq Tədris Cərrahiyyə Klinikası da istifadəyə verildi”.
Universitetdə kadr hazırlığının mövcud vəziyyətinə də toxunan prof. S.Musayev bildirdi ki, 4 ildir rezidentura sisteminə keçərək mütəxəssis hazırlığının türk modelini seçmişik, yönümüz Türkiyəyədir. 1990-cı illərdən bəri tələbələrimiz Türkiyədə uzmanlıq təhsili almağa başlayıblar və onların səviyyəsindən olduqca razıyıq. Təsadüfi deyil ki, universitet klinikalarında həmin kadrlar heç bir maneəsiz işlə təmin olunurlar.
Görüş zamanı qarşılıqlı əlaqələrin bundan sonra da uğurla davam edəcəyinə əminlik ifadə olundu, xəstələrin şəfa tapması üçün ortaq bilgilərin və təcrübənin əhəmiyyəti vurğulandı.