Bu gün Beynəlxalq Pediatr Günüdür. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib.
54 maddədən ibarət konvensiya uşaqların əsas hüquqlarını təmin edərək bütün vətəndaşları uşaqların sağlam, təhlükəsiz gələcəyi üçün çalışmağa çağırır. O vaxtdan bəri 20 noyabr dünyada uşaq bayramı, uşaqların hüquqlarının və sağlamlığının qorunması günü kimi qeyd edilir, bu istiqamətdə müxtəlif tədbirlər keçirilir, həkimlər uşaqların sağlamlığının qorunması ilə bağlı tövsiyələr verirlər. Bu günün qeyd olunmasında məqsəd uşaqlar üçün beynəlxalq həmrəyliyi və onların sağlamlığını daha da inkişaf etdirməkdir.