Noyabrın 21-dən 22-dək Kazan şəhərində “Volqa federal dairəsində pediatriya və uşaq cərrahiyyəsi” adlı ənənəvi beynəlxalq XXI Rusiya Konqresi keçirilib. Konqresdə yerli və xaricdən gəlmiş aparıcı ekspertlər, alim və praktikantlar çıxış ediblər.
İştirakçılar təcrübə mübadiləsi aparıb, pediatriya və uşaq cərrahiyyəsi sahəsində mövcud tendensiyaları və yenilikləri müzakirə ediblər. Azərbaycan Tibb Universitetini Uşaq cərrahiyyəsi kafedrasının müdiri, professor Ramiz Poluxov, dosent Vüqar Məhəmmədov və assistent Xəlilov Namiq təmsil ediblər. Tədbirin açılışında R.Poluxov Azərbaycan Uşaq Cərrahları Assosiasiyasının, N.Xəlilov isə ATU-nun rektoru, professor Gəray Gəraybəylinin konqresə ünvanlanmış təbrik məktublarını oxuyub.
Konqresə təqdim olunan məruzələr tibdə müasir innovasiyaların müzakirəsi, yeni texnologiyaların tətbiqi, pediatriya və uşaq cərrahiyyəsi, uşaq andrologiyası və urologiyasında müasir diaqnostika üsullarının tətbiqi, o cümlədən mütəxəssis və təcrübə mübadiləsinin genişləndirilməsindən bəhs edib. “Sürətlə dəyişən dünyada uşaq. Təhdidlər və imkanlar” mövzusunda iki gün davam edən tədbirdə davamlı tibbi təhsil proqramı çərçivəsində Rusiya və Tatarıstanın aparıcı mütəxəssisləri, eləcə də digər regionların və qonşu dövlətlərin nümayəndələri məruzələr oxuyub, ustad dərsləri keçiblər.
Belə tədbirlərdə iştirak sayəsində aparıcı mütəxəssislər öz təcrübələrini bölüşmək, eləcə də tibb sənayesi üzrə digər mütəxəssislərin beynəlxalq səviyyədə təcrübəsi ilə tanış olmaq imkanı əldə ediblər. Bütün bunlar səhiyyə sisteminin daha da inkişafına və təkmilləşdirilməsinə yönəlib.