Səhiyyə Nazirliyi, Azərbaycan Tibb Universiteti, Milli Onkologiya Mərkəzi və ATU-nun Onkoloji Klinikasının təşkilatçılığı ilə III Beynəlxalq Bakı Süd Vəzi Xərçəngi Konqresi keçirilib.
Beynəlxalq Senoloji Cəmiyyətin Azərbaycan Regional Konqresinin də keçirildiyi bu tədbirin təşkilində Azərbaycan Onkoloqlar Cəmiyyəti, Azərbaycan Süd Vəzi Xəstəlikləri Mütəxəssisləri Assosiasiyası və Senologic International Society də iştirak ediblər. Konqresin açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri, ATU-nun Onkoloji Klinikasının direktoru Əhliman Əmiraslanov, səhiyyə nazirinin müavini Nadir Zeynalov, Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxış ediblər. Rəsmilər və xarici qonaqlar belə bir tədbirin Azərbaycanda və dünyada tibb mütəxəssisləri üçün əhəmiyyətini vurğulayıb, konqresin işinə uğurlar arzulayıblar.
Konqresdə dünyanın bir sıra ölkələrindən süd vəzi xəstəlikləri, o cümlədən süd vəzi xərçənginin önlənməsi, diaqnostikası və müalicəsi sahəsində çalışan mütəxəssislər iştirak ediblər.
Toplantıda süd vəzi xəstəlikləri, süd vəzisi xərçəngi və qadın reproduktiv sağlamlığı sahələrinə aid müxtəlif mövzularda simpoziumlar və konfransönü kurslar, e-poster sessiyaları keçirilib. Konqresin məqsədi elmi tədqiqatları nümayiş etdirməklə yanaşı, ən yaxşı təcrübələri bölüşmək və dünyanın bir çox yerlərindən olan həmkarlar ilə müzakirələr aparmaq imkanının yaradılması olub.