Bu gün Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili cənab Abbes Benmoussat Azərbaycan Tibb Universitetini ziyarət edərək universitetin rektoru, akademik Əhliman Əmiraslanovla görüşüb.
Akademik Ə.Əmiraslanov qonağı salamlayaraq, ona Azərbaycan Tibb Universiteti haqda ətraflı məlumat verib. Rektor Əlcəzair universitetləri ilə ATU arasında elm və təhsil sahələrində əlaqələrin qurulmasında maraqlı olduqlarını söyləyib.
Əlcəzair Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili vəzifəsinə yeni təyin olunan cənab Abbes Benmoussat ilk səfərini Tibb Universitetinə etdiyini deyib. Azərbaycan geniş əraziyə malik olmasa da, bu torpağın bəşəriyyətə bir çox dahi insan bəxş etdiyini söyləyən qonaq, akademik Ə.Əmiraslanovla şəxsi tanışlığından qurur duyduğunu söyləyib. Azərbaycanda bütün sahələrdə, o cümlədən tibb sahəsində gedən inkişafdan məmnunluğunu bildirən Abbes Benmoussat, iki dost ölkə arasında elm, təhsil və tibb sahəsindəki əlaqələrin daha da genişləndirilməsini, müxtəlif təhsil və elm müəssisələri arasında ikitərəfli əməkdaşlığın qurulmasının prioritet sahə olduğunu vurğulayıb. O, yaxın gələcəkdə ATU və Əlcəzair universitetləri arasında əlaqələrin qurulacağına dəstək olacağını söyləyib.
Öz növbəsində, akademik Ə.Əmiraslanov da dost ölkənin təhsil və müalicə müəssisələri ilə elmi, təcrübi və pedaqoji əməkdaşlığa hazır olduqlarını bildirib.