Azərbaycan Tibb Universitetində (ATU) görkəmli elm xadimi, Azərbaycan Dövlət Tibb İnstitutunun (ADTİ) urologiya kafedrasının ilk müdiri (1975-1990), cərrah-uroloq professor Nurəli Əfəndiyevin 100 illik yubileyinə həsr edilən elmi-praktik konfrans keçirilib
İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş sözü ilə çıxış edən səhiyyə naziri Teymur Musayev görkəmli alimin şərəfli ömür yolundan və geniş elmi fəaliyyətindən söz açıb. Bildirilib ki, 130-dan artıq elmi әsәrin müəllifi olan Nurəli Əfəndiyev pedaqoq ömrü yaşayıb, bütün həyatını Azərbaycan tibb elmi və səhiyyəsinin tərəqqisinə həsr edib. Nazirin sözlərinə görə, Azərbaycan uroloji məktəb nəinki keçmiş Sovetlər dönəmində, hətta beynəlxalq səviyyədə də uroloji məkanlardan biri idi: “Professor Nurəli Əfəndiyev nəinki urologiya, ümumilikdə Azərbaycan tibb elminin inkişafına önəmli töhfə verib”.
Azərbaycan Tibb Universitetinin Elmi işlər üzrə prorektoru professor Məlahət Sultanova, ATU-nun Urоlоgiyа kаfedrаsının professoru Sudeyif İmamverdiyev və digərləri görkəmli alim haqqında xatirələrini bölüşüblər. Çıxışçılar professor N.Əfəndiyevin apardığı uzunmüddətli elmi-tədqiqat işlərindən əldə edilən nəticələrin bu gün də böyrəyin rezeksiyası, prostat vәzinin bәzi xәstәliklәrinin cәrrahiyәsində tətbiq olunduğunu və yeni araşdırmalara yol açdığını bildiriblər.
Konfransda ATU-nun Tədris Cərrahiyyə Klinikasının Urologiya kafedrası, akademik M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş Idarəsinin nümayəndələri böyrək xəstəlikləri, urologiya sahəsinə dair müxtəlif əməliyyatlar, bir sıra xəstəlikləri müasir yanaşma metodlarına dair təqdimatlarla çıxış ediblər.
Alimin oğlu Elçin Əfəndiyev atasının xatirəsinə göstərilən ehtirama görə tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.
Sonra professor Nurəli Əfəndiyevin həyat yolu və elmi fəaliyyəti haqqında sənədli film nümayiş olunub.
Elmi-praktik konfrans öz işini panel sessiyalarla davam etdirib.