Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli və Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev dekabrın 5-6-da Belarus Dövlət Tibb Universitetinin (BDTU) dəvəti ilə Minsk şəhərində səfərdə olublar. Səfər zamanı hər iki qurum arasında 2022-ci ildə imzalanmış memorandum çərçivəsində görülən işlər, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Eyni zamanda BDTU-nun Psixiatriya, narkologiya, psixoterapiya və tibbi psixologiya kafedrasının yaranmasının 100 illiyinə həsr olunan tədbirdə professor Gəray Gəraybəyli fəxri qonaq və məruzəçi qismində iştirak edib.
Səfərin ilk günü BDTU-nin rektoru, professor S. Rubnikoviçlə görüşən universitetimizin rəhbəri Gəray Gəraybəyli BDTU ilə əməkdaşlığın önəminə diqqət çəkib, həmçinin ATU-da son dövrlərdə aparılan islahatlar, gələcəkdə nəzərdə tutulan layihələr haqqında ətraflı məlumat verib.
Daha sonra ATU-nun rektoru BDTU-nun tədris binalarına, müasir multimedia vasitələri ilə təhciz olunmuş mühazirə zallarına, tələbə yeməkxanasına, yataqxanalara, idman kompleksi və Simulyasiya Mərkəzinə baş çəkib.
Səfərin ikinici günü professor Gəray Gəraybəyli Minsk şəhərində yerləşən Respublika Psixi Sağlamlıq Elmi-Praktik Mərkəzində keçirilən Belarus Dövlət Tibb Universitetinin Psixiatriya, narkologiya, psixoterapiya və tibbi psixologiya kafedrasının yaranmasının 100 illiyinə həsr olunan konfransda açılış nitqi söyləyib. Elə həmin tədbirdə onun “Azərbaycanda psixiatrik xidmət və tibb təhsili: nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda məruzəsi də böyük maraqla qarşılanıb.
Ölkəmizdə psixiatrik xidmətin təşkili, dövlətimizin bu sahəyə diqqət və qayğısı, qəbul edilən qanun aktları barədə danışan professor G. Gəraybəyli, Azərbaycanda fəaliyyət göstərən Psixi Sağlamlıq Mərkəzi, Respublika Psixiatrik Xəstəxanası, həmçinin ATU-nin tarixi, hazırda fəaliyyət göstərən fakültələr, son illər əldə edilmiş nailiyyətlər, beynəlxalq əməkdaşlıq və s. haqqında dolğun məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Səfər zamanı göstərdikləri diqqətə görə BDTU-nin rektoru, professor S. Rubnikoviçə təşəkkürünü bildirən professor Gəray Gəraybəyli burada görülən işlərlə bağlı öz müsbət təəssüratlarını bölüşüb, qurumlar arasında əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.