Rezident antimikrob rezistentliyin mexanizmlərindən danışıb

Dekabrın 9-da ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrası Rezidentura və Magistratura şöbəsi ilə birgə rezidentlər üçün növbəti seminar keçirib
Seminarı giriş sözü ilə açan kafedranın müdiri, professor Həqiqət Qədirova ənənəvi olaraq hər həftə rezidentlər üçün seminarlar təşkil edildiyini və həkim-mütəxəssislərin müxtəlif aktual mövzulara toxunduğunu, həmçinin öz şəxsi təcrübələrinə dair məlumatları bölüşdüklərini söyləyib. Bildirib ki, bu dəfəki mövzu da çox aktualdır. Belə ki, hazırda antibiotiklərə rezistentlik və onun mexanizmləri səhiyyə sistemi qarşısında dayanan ciddi problemdir.
Tədbirdə çıxış edən Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bu cür seminarların yalnız klinik-laborator mütəxəssislərin deyil, praktik həkimlərin də marağına səbəb olduğunu vurğulayıb. O, rezidentlərin gələcək tədqiqatçı kimi formalaşmasında, onların sərbəst müayinələr apararaq nəticələri təhlil və auditoriya qarşısında təqdim etmək bacarıqlarına yiyələnməsində seminarların mühüm rol oynadığını deyib.
Bundan sonra Tibbi mikrobiologiya və immunologiya kafedrasının baş müəllimi, rezidentlərlə iş üzrə kurator, t.ü.f.d. Yavər Hacısoy mövzu və məruzəçi barədə məlumat verib, elmi rəhbərin isə kafedranın professoru Mehman Əliyev olduğunu bildirib.
Kafedranın II kurs rezidenti Günel Həmidli “Antimikrob rezistentliyin mexanizmləri” mövzusunda təqdimatla çıxış edib. Məruzəçi antibiotiklərə davamlılığın müxtəlif mexanizmləri haqqında məlumat verərək, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dünyada bu sahədə ilə bağlı son statistikasını nəzərə çatdırıb: “ÜST mikrobəleyhinə dərmanlara qarşı rezistentliyi - mikroorqanizmin yaratdığı infeksiyanı müalicə etmək üçün daha əvvəl istifadə edilən bir mikrobəleyhinə preparata onun rezistentliyi kimi təyin edir. MDR - bakteriya, göbələk, virus və parazitlərin mikrobəleyhinə preparatların təsirinə məruz qaldıqda (antibiotiklər, antifunqal, antiviral, antimalarial və antihelmintik preparatlar) dəyişməsi nəticəsində baş verir. MDR əldə etmiş mikroorqanizmlər bəzən “supermikroblar” adlanır. Nəticədə dərmanlar təsirini itirir, infeksiyalar orqanizmdə daha uzun müddət qalır və ətrafdakıların infeksiyaya yoluxma riski artır”.
Rezident vurğulayıb ki, hazırda dünyanın müxtəlif ölkələrində, eləcə də Azərbaycanda bu problemlə mübarizə tədbirləri görülür.  
Professor H.Qədirova, dosent Həyat Əliyeva və assistent N.Xəlilov məruzə ətrafında fikirlərini səsləndirərək, həkim-rezidentə gələcək məruzələrində öz şəxsi təcrübələrinin nəticələrinə daha çox yer verməsini tövsiyə ediblər.
Seminarda kafedranın professor-müəllim heyəti, I və II kurs rezident və magistrantları, Tədris Cərrahiyyə Klinikasının Klinik diaqnostik laboratoriya şöbəsinin müdiri Leyla Həşimova və bu şöbənin rezidentləri iştirak ediblər.