Azərbaycanın ilk qadın pediatr alimi, akademik Ədilə Namazovanın anım günüdür

Bu gün Azərbaycanın ilk qadın pediatr alimi, akademik Ədilə Namazovanın anım günüdür

 

Həkimlik, sadəcə bir peşə deyil, həm də bəşəriyyətə xidmətin ən müqəddəs yollarından biridir. Həkimlər təkcə fiziki yaraları deyil, insanların ruhunda olan iztirabları da sağaltmağa çalışırlar. Bu, onları digərlərindən fərqləndirən humanist xüsusiyyətlərdən biridir.

Bu gün Azərbaycan tibb tarixində unudulmaz izlər qoymuş şəxsiyyətlərdən biri, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasının üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, “Şöhrət” və “Şərəf” ordenli Ədilə Namazovanın vəfatından 4 il ötür.

Bu fikirlər görkəmli alimin yetirməsi və davamçısı, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadənin “Pediatr qəlbinin böyük humanizmi” başlıqlı məqaləsində yer alıb. 

Ədilə xanım milli genofondumuzun sərvəti olan uşaqlarımızın sağlam gələcəyi üçün qəhrəmancasına mübarizə aparıb, öz biliyini və bacarığını cəmiyyətin xeyrinə, gələcəyimiz olan uşaqların sağlamlığına sərf edib. O, 1926-cı ilin sentyabrında Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açıb. 1949-cu ildə Tibb İnstitutunu uğurla bitirən Ədilə xanım doğma yurdu Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının rəhbəri kimi çalışıb. Gələcəyin alimi bilik və bacarığını daha da artırmaq, səhiyyənin inkişafına öz töhfəsini vermək üçün təhsilini davam etdirib, elmi axtarışlarla məşğul olmağa başlayıb. O, səhiyyə sahəsindəki xidmətlərinə və tibb elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı qadın alim olub.

Ulu Öndər Heydər Əliyev akademik Ədilə Namazovanı Azərbaycanda elmi pediatriyanın banisi adlandırırdı. Ədilə xanım xatirələrində bildirirdi ki, onun kadr hazırlığı sahəsində gərgin fəaliyyətinə Ümummilli Lider və akademik Zərifə Əliyeva hər zaman dəstək olublar. Müstəqillik dövründə də Ulu Öndər Ədilə xanımın sədri olduğu Pediatrlar Assosiasiyasının fəaliyyətini hər vasitə ilə dəstəkləyib.

Öz sahəsini sevməsi və elmə bağlı olduğu qədər ölkəmizin ictimai həyatında da yaxından iştirak edən akademik 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) sədri, 1973-cü ildə isə SSRİ Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin üzvü, 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilib.

Ədilə xanım uzun illər Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin və Sovet Qadınları Komitəsinin Rəyasət Heyətinin üzvü kimi bu sahədə geniş fəaliyyət göstərib, tez-tez qadınların, uşaqların vəziyyəti haqqında çıxışlar edərək hökumətin, parlament üzvlərinin diqqətini həmin problemə yönəldib. Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü dövrdə keçmiş SSRİ-nin millət vəkili kimi yüksək kürsülərdən hər zaman öz sözünü deyib. Keçmiş sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və ətraf bölgələrdə amansız vəhşiliklər, qırğınlar törətdiyi zaman Ədilə xanım Namazova qaniçənlərə qarşı fəal mübarizə aparıb. O, Xalq artisti bəstəkar Arif Məlikov və fəhlə Sara Vəzirova ilə birlikdə “Salyan” kazarmasına və digər yerlərə gedərək sovet ordusu komandirləri tərəfindən tərksilah edilərək zirzəmilərə salınan 300-dən çox Azərbaycan əsgərinin azad edilməsinə nail olub.

Ədilə xanım uzun illər Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü kimi fəaliyyət göstərib, 20 il Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurasının, eləcə də uzun müddət Azərbaycan Respublikası “Bilik” Cəmiyyətinin tibb bölməsinin sədri olub. O, “SOS Kinderdorf” Uşaq-Kəndlərinin Azərbaycan Assosiasiyası İdarə Heyəti, Bakı şəhəri Nəsimi rayon Qadınlar Şurası İdarə Heyəti və digər təşkilatlarda öhdəsinə düşən ictimai vəzifəni uğurla icra edib. 1994-cü ildən etibarən uzun müddət Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olub. 2002-ci ildə Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri seçilib.

 

Ədilə xanım 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik və kitabın, eyni zamanda, MDB məkanında "Tibbi etika" adlı ilk dərsliyin müəllifidir. Onun elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub, Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Argentina, Belçika, İspaniya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilib.

Hələ gənc təbib ikən ölkəmizdə pediatriya elmi məktəbinin olmaması onu narahat edirdi. Odur ki, vəzifə pillələri ilə yüksələndən sonra alim Azərbaycanda ilk dəfə E.Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında xüsusi biokimyəvi laboratoriya və ürək-tənəffüs sisteminin funksional fəaliyyətini müəyyənləşdirən elektrofizioloji elmi mərkəz yaradıb, istedadlı gənc həkim və tələbələri mərkəzdə elmi fəaliyyətə cəlb edib. Bununla da Azərbaycanda yeni pediatriya elmi məktəbi formalaşmağa başlayıb. Alimin yetirmələri onun rəhbərliyi altında böyük həvəslə çalışır, bir-birinin ardınca namizədlik, doktorluq dissertasiyaları müdafiə edirdilər.

Ədilə xanım uşaqlarda ürək, qan-damar sistemi xəstəliklərinin öyrənilməsi, profilaktikası və səmərəli müalicə üsullarının tapılması ilə dərindən maraqlanıb. O, 1954-1957-ci illərdə Moskvada müəllimi G.N.Speranskinin elmi rəhbərliyi ilə tədqiqat işi üzərində gərgin əmək sərf edib və çalışdığı uşaq xəstəlikləri kafedrasında bu sahədə təcrübəsini artırıb.

Alim öz tədqiqatında yeni kompleks elektrofizioloji üsullar – oksigemometriya, pnevmotaxometriya, venoqrafiya, pletizmoqrafiya və s. istifadə edərək ilk dəfə uşaqlarda revmatizmin fəal mərhələsində ürək və qan-damar sisteminin funksional vəziyyətini, ürək əzələsində baş vermiş və həmin dövrə qədər öyrənilməmiş patoloji dəyişikliklərin mərhələsini və dərəcəsini öyrənib, şərhini verib, rasional müalicə üsullarını təklif edib. Ədilə xanımın XX əsrin 60-cı illərinə qədər hələ də öyrənilməmiş və tam ümidsiz hesab olunan anadangəlmə ürək qüsurlarının müəyyən edilməsində ciddi səy göstərərək tədqiqatlar aparıb.

Həmyerlimiz həmin tədqiqatların yekunlarını ümumiləşdirməklə SSRİ Səhiyyə Nazirliyinin Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasında müdafiə etdiyi dissertasiya işi ilə diqqət mərkəzində olub, dünyanın görkəmli alimləri onun elmi işini yüksək qiymətləndiriblər.

Ədilə Namazova SSRİ Dövlət İxtira Komitəsindən 5 ixtira vəsiqəsi alıb. Azərbaycanda müasir tibb təhsilinə bioetika fənninin inteqrasiyası və tətbiqi işində də akademik Ədilə Namazovanın xidmətləri danılmazdır. Bioetikaya dair tədris vəsaitlərinin Azərbaycan dilində nəşri və bir sıra digər tədbirlərin reallaşdırılmasında onun böyük əməyi olub. Ədilə xanım uzun illər AMEA-nın Tibbi Bioetika Komitəsinin və ATU-nun Tibbi Bioetika Komitəsinin üzvü kimi öhdəsinə düşən ictimai işləri də bacarıqla yerinə yetirib.

1999–2000-ci illərdə Azərbaycan Pediatrlar Assosiasiyası ABŞ təhsil qrantını qazanır, tibbi bioetika üzrə təhsil proqramı və tədris materialları tərtib olunur. Proqram UNESCO-nun 11-ci sessiyası, Bakı Humanitar Forumu və digər mötəbər beynəlxalq tədbirlərdə, eləcə də Təhsil Nazirliyində təqdim edilir.

Pediatrlar Assosiasiyası hazırda tibb təhsili tədris olunan universitet və kolleclərdə tibbi bioetikanın tədrisi metodikası üzrə tədbirlər keçirir, tədris proqramı əsasında Azərbaycan Tibb Universitetində (ATU) müəllimlər üçün təlimlər təşkil edir. Hazırda bioetika fənni ATU-nun fakültələrində üç dildə tədris olunur. Bu baxımdan uşaq hüquqları haqqında məlumatlılığı artırmaq məqsədilə nəşr olunan “Uşaq hüquqları dünya xalqlarının nağıllarında” kitabı maariflənmə mənbəyi kimi əhəmiyyətli nəşr hesab olunur və imtiyazlı uşaqlar üçün təşkil olunan tədbirlərdə təqdim edilir.

Akademik Ədilə Namazovanın Türkiyənin görkəmli elm adamlarından biri, ictimai-siyasi xadim, Azərbaycanın və Ulu Öndərin səmimi ürək dostu, Ümumdünya Pediatrlar Cəmiyyətinin sədri, professor İhsan Doğramacı ilə sıx dostluq əlaqələri də bir örnəkdir.

Ədilə xanım tələbələrinə həkim olmağın necə bir fədakarlıq olduğunu aşılayır, bu nəcib və xeyirxah peşənin tam mənasında bir könül işi olduğunu deyirdi. Həkim olmaq üçün tibbi biliklərə bələd olmağın kifayət etmədiyini, sənətkar qədər incə, mühəndis qədər intizamlı olmağın vacibliyini öyrədirdi.

Ömrünün 70 ilə yaxınını səhiyyənin, tibb elminin inkişafına, şəxsi nümunəsində yeni həkim nəslinin, yüksəkixtisaslı tibb mütəxəssislərinin yetişdirilməsinə həsr edən, insanlara şəfqət bəxş edən pediatr alim bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəaliyyət göstərib. O, yaddaşlarda xeyirxah insan, mahir həkim, istedadlı pedaqoq və elm təşkilatçısı kimi qalıb.

2020-ci il dekabrın 16-da tanınmış elm xadimi, ictimai xadim, minlərlə anaya körpələri ilə birlikdə şəfa verən təbib Ədilə Namazova dünyasını dəyişib. Onun rəhbərliyi ilə yaratdığı elmi məktəbin yetirməsi olan 60-dan artıq alim namizədlik və doktorluq dissertasiyasını müdafiə edərək təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həkimlik və elmi fəaliyyətlərini uğurla davam etdirirlər.

Xidmətləri milli pediatriyanın inkişafında mühüm mərhələ təşkil edən Ədilə Namazovanın həyat hekayəsi yalnız bir həkimin uğur hekayəsi deyil, həm də Azərbaycan qadınının gücünü, iradəsini və əzmini göstərən bir dastandır.