Dekabrın 20-də ATU-nun Tədris Cərrahiyyə Klinikasında Transxəzər Beynəlxaq HPB Cərrahiyyə Assosiasiyası və Türkiyə- Azərbaycan HPB Cərrahiyyə Dərnəyinin birgə təşkilatçılığı ilə "Minimal İnvaziv Pankreas Cərrahiyyəsi" mövzusunda I-ci Transxəzər Beynəlxalq HPB Cərrahiyyəsi konqresi və 3-cü Türkiyə- Azərbaycan HPB Cərrahiyyəsi konfransı keçirilib.
Toplantıda ilk olaraq Azərbaycan Respublikasının və Türkiyə Cümhuriyyətinin Dövlət himnləri səsləndirilib. Daha sonra ATU- nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanova konfransı açaraq belə bir tədbirlərin ilk dəfə olaraq ölkəmizdə keçirilməsini böyük hadisə adlandırıb. Azərbaycan və Türkiyə arasında hər sahədə olduğu kimi səhiyyə və təhsil istiqamətində də irimiqyaslı layihələrin icra edildiyini söyləyən xanım prorektor bu tədbirin ikitərəfli əlaqələrə bir töhfə kimi qiymətləndirib. Beynəlxalq səviyyəli elmi konfansların keçirilməsinin bu sahədə çalışan mütəxəssislər üçün əhəmiyyətli olduğunu vuruğulayan natiq universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını iştirakçılara çatdırıb və toplantının işinə uğurlar diləyib.
Toplantıda çıxış edən Səhiyyə nazirinin müavini Nadir Zeynalov konfransın tibbin ən mühüm sahəsi olan mədəaltı vəzin invaziv cərrahiyyəsinə həsr edildiyini və mövzunun müasir tibb üçün böyük əhəmiyyət daşıdığını bildirib. O, hepato-pankreato-biliar cərrahiyyəsinin ümumi cərrahiyyənin çox mürəkkəb və eyni zamanda sürətlə inkişaf edən sahələrindən biri olduğunu qeyd edib. O, əlavə edib ki, tibbi texnologiyalar təkmilləşdikcə hər bir sahədə olduğu kimi bu sahədə patalogiyaların aşkarlanması artıb, müvafiq olaraq, diaqnostik və müalicə tədbirləri də genişlənib. Nazir müavini praktik və fikir mübadiləsi aparılması, müzakirələrin təşkili baxımından belə tədbirlərin böyük önəm daşıdığını söyləyib. Ölkəmizin beynəlxalq aləmdə qlobal tədbirlərə ev sahibliyi etdiyini deyən N. Zeynalov bildirib ki, xəzəryanı ölkələrin belə bir yüksək səviyyəli təşkilatının məhz ölkəmizdə təsis edilməsi çox təqdirəlayiqdir. O, bu təşkilatın yaranmasında professor Nuru Bayramovun zəhmətini xüsusi vurğulayıb və onu bu təşkilatın prezidenti seçilməsi münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb.
Transxəzər Beynəlxaq HPB Cərrahiyyə Assosiasiyasının prezidenti, ATU- nun I Cərrahi xəstəliklər kafedrasının müdiri, AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov Azərbaycan və Türkiyə arasında hərtərəfli münasibətlərin tibb təhsilinə də müsbət mənada təsir etdiyini deyib. Yeni yaranan bu assosiasiyasının səbəb və məqsədini açıqlayan natiq bu işdə əməyi keçən hər kəsə ayrı-ayrı minnətdarlığını bildirib. O, çıxışında Türk HPB Cərrahiyyə Dərnəyi ilə I Cərrahi xəstəliklər kafedrası arasında uzunmüddətli və sıx əlaqələrin olduğunu deyərək indiyədək bir çox ortaq layihələrə imza atıldığını xatırladıb. Görülən bu işlərin davamlı olacağını söyləyən N. Bayramov və gələcəkdə də belə faydalı əməkdaşlığa ciddi töhfələrin olacağına ümid etdiyini bildirib.
Türk HPB Cərrahiyyə Dərnəyinin prezidenti, professor Mustafa Kerem də bu sahədə ölkələrimiz arasında görülən iri miqyaslı işlərdən danışıb. O, Transxəzər Beynəlxaq HPB Cərrahiyyə Assosiasiyasının təşəkkül tapmasını xəzərətrafı bölgələrin mütəxəssislərinin bir-biri ilə geniş və səmərəli əlaqələrin qurulmasına təkan verəcəyini söyləyib. Bu assosiasiyanın əhəmiyyətindən bəhs edən natiq bildirib ki, bura hələlik 6 dövlət- Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Gürcüstan və Qırğızıstan qoşulub. Bu sahədə çalışan həkimləri cəmiyyətin sıralarına qoşulmağa çağıran M. Kerem əlavə edib ki, təşkilatın coğrafiyası və imkanları genişləndikcə bölgə mütəxəssislərinin Avropaya bağlanması, eləcə də qabaqcıl ölkələrin təcrübəsindən faydalanması çox önəmli olacaq.
Bundan başqa tədbirdə İtaliyadan E-AHPBA prezidenti Giovanni Marchegiani və Hollandiyadan E- AHPBA prezidenti Marc Besselnik online çıxış ediblər.
Rəsmi çıxışlardan sonra konfrans öz işini, “Minimal invaziv pobotik mədəaltı vəzi cərrahiyyəsinin gələcəyi”, “Pankres xərçəngi cərrahiyyəsində sinir pleksunun disseksiyasının əhəmiyyəti”, “Laparoskopik Whipple və penk metodları ilə invaginasiya texnikası ilə təcrübəniz”, “Distal pankreas şişlərində minimal invaziv dalağı qoruyan cərrahiyyə“, “Robotik distal pankreatektomiya” və s mövzularında panel sessiyaları ilə davam etdirib.