ATU-nun III kurs tələbələri Ailə təbabəti kafedrasında klinik bacarıqlar fənnindən imtahan (OSKİ) veriblər. İmtahanın gedişini universitetin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov, Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov izləyib, tələbələr üçün yaradılan şəraitlə tanış olublar
Professor N.Pənahov “Təbib” qəzetinə verdiyi açıqlamada imtahanın gedişindən və tələbələrə yaradılan şəraitdən razı qaldığını bildirib: “Əslində imtahanın bu formatda keçirilməsinin özü çox gözəl səmərə verən bir yenilikdir. Çünki Azərbaycan Tibb Universitetinin tələbələri üçün klinik bacarıqlar fənlərini test suallarına salıb, test şəklində dəyərləndirmək çətinliklər yaradırdı. İllərlə aparılan müşahidələr göstərdi ki, bəzi fənlərdə, o cümlədən klinik fənlərdə yeni bir formatın tətbiqinə zərurət yaranıb.
İmtahanlar, demək olar ki, yaxşı təşkil olunub, hər kəs 9 stansiyadan keçir. Müəllimlər ayrı-ayrılıqda tələbələri sorğu-sual edirlər. Tələbələr verilən suallara mulyajlar üzərində cavab verir, hər stansiyadan toplanan bal yekunda imtahan balı kimi dəyərləndirilir”.
Kafedra müdiri, professor İbrahim İsayev isə universitetdə həyata keçirilən yeniliklərdən, bu yeniliklərin tədrisin keyfiyyətinə müsbət təsirindən, universitet rəhbərliyi tərəfindən tələbələrə yaradılan şəraitdən söhbət açıb. Bildirib ki, son illər universitetdə aparılan tədrisin yenidən qurulması və sertifikasiyaların təsdiqi prosesi ilə əlaqədar, dünya akkreditasiya sisteminə daxil olmuşuq: “Təhsilin yenidən qurulmasına ehtiyac yaranmışdı. Bu, klinik fənlərdə xüsusilə önəmlidir. Keçən ildən etibarən bizim kafedramızda klinik bacarıq fənn imtahanları OSKİ şəklində götürülür. Burada əsas məqsəd mulyajlar üzərində xəstəyə sərbəst şəkildə yaxınlaşaraq, hər hansı bədən üzvünün bu və ya digər halda vəziyyətini qiymətləndirməkdir. 9 stansiyanın hər birində tələbə konkret bilir ki, nəyə cavab verəcək. Məsələn, birinci stansiyada ağciyərlərin döş qəfəsinin palpasiya vasitəsilə müayinəsidir. Mulyaja yaxınlaşan tələbə artıq bilir ki, nələri mütləq təyin etməlidir”.
İ.İsayev qeyd edib ki, əvvəllər tələbələrimiz üçün elektrokardioqramın çəkilməsi, ötürülməsi çətinliklər törədirdi. Rektorun göstərişi ilə klinik müayinə fənninə əlavə saatlar verildi və əlavə avadanlıqlar alındı. Artıq tələbələrimizin hər biri tədris müddətində kardioqram çəkir və onun qiymətlədirilməsini apara bilir: “İki stansiyanı elektrokardioqrama aid etmişik. Ailə təbabəti kafedrası olaraq, gələcəkdə Tədris Departamenti qarşısında məsələ qaldırmaq istəyirik ki, 4,5,6-cı kurslarda da aralıq qiymətləndirməni OSKİ şəklində aparaq. Çünki kinik bacarıqların öyrənilməsi üçün imtahanların bu formatda aparılması daha məqsədəuyğundur”.