Gənc həkim və rezidentlər üçün elmi-praktik seminar keçirilib

 

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında gənc həkim və rezidentlər üçün ənənəvi elmi-praktik seminarlardan növbətisi I Cərrahi xəstəliklər kafedrasının təşkilatçılığı ilə endokrinologiya üzrə baş tutub.

Kafedranın müdiri, AMEA-nın müxbir uzvu, professor Nuru Bayramov məruzəçilərin çıxış üçün seçdikləri mövzuların aktuallığını, eləcə də Tədris Cərrahiyyə və Tədris Terapevtik klinikaların həkim-rezidentlər ilə bu tip seminarların davamlı keçirilməsinin vacib və təqdirəlayiq olduğunu vurğulayıb. Belə tədbirlərin rezidentlərin elmi və praktik təcrübələrinin artmasına səbəb olacağını qeyd edən N.Bayramov hər iki klinika arasında birgə tədqiqat işlərinin aparılması üçün zəmin yaranacağını da söyləyib.

Sonra Uşaq cərrahlığı kafedrasının assistenti, Rezidentura və magistratura şöbəsinin müdir müavini Namiq Xəlilov rezidentləri bütün kafedralarda keçirlən belə seminarlarda aktiv olmağa çağırıb. O, sarkopeniya xəstəliyi üçün ölkəmizdə də geniş tədqiatların aparılmasına ehtiyac olduğunu, “qalxanvari vəzin düyünlərində hansı düyün izlənilməli, hansı düyün isə biopsiya olunmalıdır?” - TİRADS təsnifatından endokrinoloq və radioloqların gündəlik təcrübələrində istifadə etmələrinin vacibliyini vurğulayıb.

Seminarın moderatoru, I Cərrahi xəstəliklər kafedrasının asisstenti Azər Hümmətov məruzəçiləri təqdim edərək, bundan sonra ayda bir dəfə aktual mövzularda belə tədbirlərin keçiriləcəyini bildirib.

Sonra Ləman Cəfərovanın “Sarkopeniya və tiroid hormonların bu prosesdə rolu”, Nilufər Müseyibovanın isə “Tiroid düyünlərinin dəyərləndirilməsində TİRADS təsnifatının əhəmiyyəti” adlı məruzələri dinlənilib. Məruzəçilər öz mövzularına uyğun sualları cavablandırıb, seminar aktiv müzakirələrlə davam edib.

Terapevtik Klinikanın endokrinoloq-həkimi, Daxili xəstəliklər kafedrasının dosenti Könül İsmayılova sarkopeniya zamanı tiroid hormonlarının göstəricilərini hansı səviyyədə və necə normal saxlamağın əhəmiyyəti barədə əlavə məlumat verib.

Sonda Tədris Cərrahiyyə Klinikasının cərrah-endokrinoloqu Azər Hümmətov öz təcrübələrində tiroid düyünlərinin ultrasəs müayinəsi zamanı TİRADS-ın tətbiqi və bundan sonra biopsiyaya göstəriş olan düyünlərin sayının 50%-dək azaldığını diqqətə çatdırıb. O, müvafiq sahə ilə məşğul olan mütəxəsislərin gündəlik müayinələrində bu təsnifatdan istifadəsinin vacib olduğunu bildirib.