Professor Əzəm Ağayev gözəl insan, görkəmli alim, əsl vətənpərvər kimi xatırlanıb
Dekabrın 24-də Azərbaycan Tibb Universitetində tibb elmləri doktoru, professor Əzəm Təyyar oğlu Ağayevin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin Tədris işləri üzrə prorektoru, professor Nazim Pənahov açıb.
N.Pənahov əvvəlcə bildirib ki, bu gün Müzəffər Ali Baş Komandan, öz müdrik siyasəti ilə Azərbaycanı daim inkişaf etdirən, hamının sevimlisi cənab İlham Əliyevin də doğum günüdür. O bu münasibətlə özü, universitetin rəhbərliyi və kollektivi adından ölkə başçısını təbrik edib, ona möhkəm cansağlığı, işlərində müvəffəqiyyətlər arzulayıb. Sonra professor Ə.Ağayevlə bağlı xoş sözlərini və xatirələrini bölüşən prorektor, sözü ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyevaya verib.
Y.Hacıyeva mərhum yubilyarın keçdiyi zəngin həyat yolu barədə konfrans iştirakçılarına ətraflı məlumat verib. Bildirib ki, bu nəcib insan, gözəl alim 1944-cü il iyulun 15-də Yardımlı rayonunun Primbel kəndində dünyaya göz açıb. 1952-ci ildə Primbel 7 illik məktəbinin 1-ci sinfini bitirib. 1953-cü ildə isə ailəsi ilə birgə Salyanın Qızılağac kəndinə köçüb və burada orta təhsilini davam etdirib. 1963-cü ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olub. 1969-cu ildə institutu fərqlənmə ilə bitirdiyinə görə onu Sosial gigiyena və səhiyyənin təşkili kafedrasında baş laborant vəzifəsində saxlayıblar. Ə.Ağayevin fəaliyyətinin çiçəklənən dövrü bundan sonra başlayıb: “Əzəm müəllim elə həmin ildə müsabiqə yolu ilə kafedrada aspiranturaya qəbul olunub. Öz ağlı, zəkası, insanpərvərliyi, dərin düşüncəsi, insanın ən ali xüsusiyyəti olan tərbiyəsi ilə seçilən Ə.Ağayev daim axtarışda olub, məhz zəhmətsevərliyi və dərin savadı ona aspiranturanı vaxtından qabaq başa vurmağa imkan verib”.
Qısa müddətdə baş laborantdan rektor əvəzinə qədər böyük bir yol keçən Ə.Ağayev ömrünün ən məhsuldar dövründə - 50 yaşında dünyasını dəyişib.
ATU-nun III Cərrahi xəstəliklər kafedrasının professoru Məmməd Nəsirov, İnsan anatomiyası və tibbi terminologiya kafedrasının məsləhətçi professoru Qalib Qarayev, TƏBİB-in icraçı direktorunun müavini Anar İsrafilov, Əczaçılıq texnologiyası və idarəçiliyi kafedrasının müdiri, professor Məhbubə Vəliyeva, Epidemiologiya və biostatistika kafedrasının müdiri, professor İbadulla Ağayev yubilyarla bağlı xatirələrini səsləndiriblər.
Çıxışlarda Ə.Ağayev gözəl insan, görkəmli alim, inanclı şəxs, təşkilatçılıq bacarığı yüksək olan əsl vətənpərvər kimi yad edilib.
Sonda yubilyarın ailə üzvləri adından ATU-nun İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının professoru, TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin rəhbəri, yubilyarın oğlu Anar Ağayev tədbirin təşkilatçıları və iştirakçılarına dərin təşəkkürünü bildirib. Ölkə başçısı İlham Əliyevə doğum günü münasibətilə öz təbriklərini çatdıran A.Ağayev, tədbirin keçirilməsi üçün yaratdığı şəraitə görə universitetin rektoru, professor Gəray Gəraybəyliyə minnətdarlığını ifadə edib.
Tədbir zamanı yubilyarın 80 illiyinə həsr olunmuş və kafedra müdiri Y.Hacıyevanın redaktorluğu ilə işıq üzü görmüş kitab iştirakçılara təqdim olunub.