ATU-nun Tədris Terapevtik Klinikasında aylıq şuranın iclası keçirildi

  Bu gün Tibb Universitetinin Tədris Terapevtik Klinikasının Tibbi Şurasının 2014-2015-ci il tədris ilinin yekunları və 2015-2016-ci tədris ilində qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclas keçirilib.

  İclasda Tədris Terapevtik Klinikanın direktoru, professor S.N.Musayev 2014-2015-ci il tədris ilinin yekunları və 2015-2016-ci tədris ilində qarşıda duran vəzifələrə dair məruzə ilə çıxış edərək tədris, elmi-tədqiqat, müalicə diaqnostika işlərindən, 30-dan çox xarici ölkə universitetləri və klinikalarının nümayəndələrinın klinikaya səfərindən, klinikanın çox sayda əməkdaşının, 60-a yaxın rezidentinin Erciyes Universiteti, İstanbul Bilim Universiteti, İstanbul və Cərrahpaşa tibb fakültələri, İstanbul Universitetinin Kardiologiya İnstitutu, Hacettepe, Ankara, 19 Mayıs Universiteti və s. Universitetlərdə keçdiyi təcrübə proqramından danışıb.

  Professor onu da qeyd edib ki, klinikada yeni camaşırxana qurulub, Respublika Səhiyyə Nazirliyinin və Universitet Rektorluğunun yaxından dəstəyi ilə ən müasir texnologiyalar əsasında Qan Bankı yaradılıb, sümük iliyi transplantasiyası məqsədi ilə kök hüceyrələri, trombositləri ayırmaq və saxlamaq üçün yeni cihazlar alınıb , laboratoriyalarda tam avtomatlaşdırılmış sistemlə çalışan EÇS və 33 parametrli qanın ümumi analizini aparmaq imkanı olan cihazlar quraşdırılıb. Ötən tədris ilində Tədris Terapevtik Klinikanın qəbul şöbəsi genişləndirilib, yeni təcili tibbi yardım avtomobili alınıb. Bundan əlavə, Fransa istehsalı olan və qaraciyərin ən müasir diaqnostik cihazi hesab olunan “Fibroscan” aparatı artıq klinikaya daxil olduğu quraşdırıldığı da diqqətə çatdırılıb.

  Çıxışı zamanı klinada aparılan təmir işlərinə də toxunan S.N.Musayev yeni tədris ili üçün klinkanın tam hazır vəziyyətə gətirildiyini, təhsilin keyfiyyətinin artırılması məqsədilə tədris otaqlarının hər birinə nəzarət kameralarının quraşdırıldığı söyləyib. Klinikanın direktoru tədbirin yekununda qarşıda quran vəzifə və öhdəlikləri diqqətə çatdırıb,yeni tədris ilinin başlanması münasibəti ilə hər kəsi təbrik edib.