ATU-nun Tədris Terapevtik Klinikasında fizioterapiya şöbəsində terapiya, nevrologiya, kardiologiya profilli ağır xəstələr müalicə alır. Bu cür xəstələrin müalicəsini fizioterapiyasız təsəvvür etmək mümkün deyil. Belə ki, ağır xəstələrin müalicəsinin mükəmməlləşdirilməsi üçün klinikada fizioterapiya imkanlarının genişləndirilməsinə ehtiyac var. Tibb Universitetində son illər fizioterapiya üzrə rezidentura təhsilinə də başlanılıb və bu sahədə həkimlər hazırlanır. Pasientlərin daha peşəkar müalicə almaları və yüksək təhsil imkanlarını artırmaq üçün Klinikada bir sıra addımlar atılır.
Bu məqsədlə Türkiyənin Fiziki Müalicə və Reabilitasiya Mərkəzinin əməkdaşları professor Tunc Alp Kalyon və mərkəzin marketinq direktoru Leyla İlhan Pamukçu Tədris Terapevtik Klinikasına səfər ediblər. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru, professor S.N.Musayevin müşayəti ilə klinikanı gəzən qonaqlar mövcud şərait və müalicə imkanları ilə tanış olublar. Gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər. Tibb Universitetinin Tədris Terapevtik Klinikasının müasir standartlara cavab verən imkanlarını yüksək qiymətləndirən türkiyəli mütəxəssislər yaxın zamanda fizioterapevtik müalicə profillərinin genişləndirilməsi üçün qarşılıqlı əməkdaşlığa start verəcəklərini qeyd ediblər.
Qeyd edək ki,Tədris Terapevtik Klinika Türkiyənin Fiziki Müalicə və Reabilitasiya Mərkəzi ilə əməkdaşlıqdan yararlanaraq yaxın zamanlarda yeni yaradılmış fizioterapiya imkanlarını pasientlərin ixtiyarına verəcək.