ATU-nun xarici tələbələrinin ingilis dilinin səviyyəsini yoxlamaq üçün imtahan keçirildi

  Azərbaycandakı ali təhsil müəssisələri arasında Tibb Universiteti xarici ölkədən ən çox tələbə qəbul edən universitetlərdən biridir. Hər il olduğu kimi, bu tədris ilində də Azərbaycan Tibb Universitetində (ATU) oxumaq istəyən xeyli əcnəbi gənclər universitetimizə müraciət edib.

  Artıq xarici ölkələrdən olan abituriyentlərin dil biliklərinin yoxlanılması məqsədilə imtahan keçirilib. İmtahanın təşkili və prosesə nəzarət Beynəlxalq əlaqələr üzrə prorektor Rəhime Qabulova və ATU-nun xarici tələbələrlə iş üzrə dekanlığı tərəfindən aparılıb.

  Dekan, tibb üzrə fəlsəfə doktoru, dosent İsmayıl Əfəndiyev bildirir ki, rektorun əmri ilə yaradılmış xüsusi komissiya ATU-ya müraciət etmiş xarici vətəndaşların təqdim etdiyi sənədləri araşdırıb. Bundan sonra tələbə olmaq istəyən əcnəbi abituriyentlər üçün yazılı imtahan keçirilib. Esse sınağında 34 nəfər iştirak edib. Bunlarda 32 nəfərin dil biliklərinin lazımi səviyyədə olduğu müəyyənləşib. Onlar ATU-nun hazırlıq və birinci kursuna qəbul ediliblər.

  Bu tədris ilində ATU-ya qəbul olunmuş xarici tələbələrlə universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev və beynəlxalq əlaqələr üzrə prorektor Rəhimə Qabulova görüşüb. Prorektor onlara təhsildə uğurlar arzulayıb, hər bir kəsə gələcəkdə öz ölkələrində peşəkar həkim olmağı diləyib.