Tibb Universitetinin beynəlxalq əlaqələri günbəgün genişlənir

  Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Türkiyənin Turgut Özal Universiteti Xəstəxanasının nümayəndələri ilə görüş keçirilib. Görüşün əsas məqsədi həm qarşılıqlı təhsil, həm də tüp bebek (süni mayalanma) tətbiqi yönümündə ATU ilə əməkdaşlıq etməkdir.

  ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi Asiman Həsənov qonaqlarla görüş zamanı Azərbaycanda süni mayalanma ilə bağlı yüksək ixtisaslı mütəxəssislərə böyük ehtiyac olduğunu vurğulayıb. Baş həkimin sözlərinə görə, bu mövzu hazırda ölkəmizdə aktualdır və süni mayalanma yolu ilə övlad sahibi olmaq arzusunda olan ailələr çoxdur.

  Görüş zamanı A. Həsənov qonaqlara Klinika haqqında da məlumat verdi. O, ATU-nun Tədris-Cərrahiyyə Klinikasının 2013-cü ildə fəaliyyətə başladığını, burada cərrahi və diaqnostik istiqamətlərdə 18 kafedra, 20 şöbənin fəaliyyət göstərdiyini bildirdi. Baş həkim qeyd etdi ki, il ərzində burada 2 min 800 tələbə, 400-dən çox rezident, 20-dən artıq doktorantın cərrahi ixtisaslı fənlər üzrə təhsili ilə 40 professor, 80 dosent, 120 tibb üzrə fəlsəfə doktoru məşğul olur: “Bizim tibbi mərkəzdə tələbələrin, rezidentlərin və doktorantların təhsili və biliklərini artırmaları üçün mühazirə zalı, müxtəlif sahələrə aid bacarıq laboratoriyası vardır. Gənc mütəxəssis hazırlığını dünya standartları səviyyəsində aparmaq üçün MDB məkanında analoqu olmayan bacarıq laboratoriyalarında anatomik, funksional və mulyaj simulyantlar quraşdırılıb. Buradakı bir çox avadanlığın üstünlüyü ondadır ki, bu cihazlara kompüterə yüklənmiş məlumatlarla yanaşı, xəstənin də maqnit rezonans, rentgen, kompüter tomoqrafiyasından alınan görüntülərini yükləmək olur”.

  Turgut Özal Universiteti Xəstəxanasının Baş həkiminin müavini dos. Dr. İsmayıl Sərdaroğlu da rəhbərlik etdiyi müəssisə haqqında geniş məlumat verdi. Onun sözlərinə görə, 1996-cı ildə yaradılmış bu xəstəxana universitetin tibb fakültəsinə məxsusdur: “Xəstəxanalarımızda yüksək səviyyəli standartlara uyğun xidmət göstərilir. Ən son texnologiya əsasında qurulmuş modern laboratoriyalarımız, əməliyyatxanalar və çarpayı müalicə modulları, apteklərimiz, təcili tibbi yardım 24 saat xidmət verməktədir”. Qeyd olundu ki, xəstəxanalarda illik 200 min klinik xəstə, 6 min yataq xəstəsi olur. Hər il təxminən 3 min əməliyyat aparılır.

  i.Sərdaroğlu söylədi ki, hazırda xəstəxanada 250-dən artıq uzman Doktor və ümumilikdə 800-dən çox əməkdaş var. Xəstəxananın 3 ayrı məkanda filialları fəaliyyət göstərir. Bura Türkiyənin hər tərəfindən və xaricdən xəstələr gəlir. 
Qonaqlar xəstəxana tərəfindən göstərilən xidmətlər sırasında Qadın Xəstəlikləri və Doğum,Uşaq Sağlığı və Xəstəlikləri bölmələrini vurğuladılar. Klinikanın Qadın-doğum şöbəsinin müdiri dos. Dr. Zəhra Cansan Duvan rəhbərlik etdiyi süni mayalanma şöbəsinin fəlaiyyətindən danışdı. Onun sözlərinə görə klinikalarına Azərbaycandan tüp bebek üçün gedənlərin sayı olduqca çoxdur və aparılan sorğular göstərir ki, xəstələrin xidmətdən məmnuniyyət səviyyəsi 95 faizdən də yüksəkdir.

  Görüşdə Tədris Cərrahiyyə Klinikasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Aygün Şükürova iştirak edirdi. Sonda iki tibbi müəssisəsi arasında qarşılıqlı əməkdaşlıqla bağlı müzakirələr aparıldı.