Gözəl Naftalanda gözəl müalicə və istirahət

Fizioterapiya və tibbi reabilitasiya kafedrasının dosenti, tədris işləri üzrə müdir müavini Sədaqət Quliyeva: “Gözəl Naftalanda gözəl müalicə və istirahət”

Son illər əhalinin müalicə və istirahəti üçün ölkəmizin bir çox bölgələrində hərtərəfli şərait yaradılıb. Bu sırada Naftalan şəhərinin öz yeri var. Onun unikallığı dünyanın heç bir yerində rast gəlinməyən Naftalan neftinin hasil olunmasındadır. Bu bənzəri olmayan qəhvəyi rəngli qatı maye öz müalicəvi təsirinə görə hələ qədim dövrlərdə məşhur olub və Azərbaycandan Şərq ölkələrinə dəvə karvanları ilə daşınırdı.

Hazırda bu neftin hasil olunan həcmi azaldığına görə, ondan yalnız Azərbaycanın ərazisində istifadə edilir. Ölkəmizin apteklərində və Naftalan şəhərinin bəzi mağazalarında Naftalan neftindən hazırlanmış bir çox müalicəvi əhəmiyyətli məlhəm, krem, sabun, şampun və s. məhsullar satılır və bunlarla müalicə naftalanoterapiya adlanır.

Naftalan şəhəri 1926-cı ildən ölkəmizdə dövlət tərəfindən kurort sahəsi elan edilib. Burada bir çox sanatoriyalar, istirahət mərkəzləri, otellər tikilib, hazırda da tikinti işləri davam edir. Naftalan artıq tibbi turizm mərkəzinə çevrilib, hətta tibb aləmində buranı balneoloji kurort adlandırırlar. Naftalan neftinin və ondan hazırlanmış müalicəvi məhsulların ağrıkəsici, iltihab və spazm əleyhinə, damargenəldici, antiallergik və s. müsbət təsirləri artıq sübuta yetirilıb və pasiyentlərdə həkim müayinəsi, analizlər və funksional müayinələr aparıldıqdan sonra, əks göstəriş aşkar edilmədikdə, həkim tərəfindən tövsiyə olunan bir kurs naftalanoterapiya, fizioterapevtik prosedurlar və masaj təyin edilir. Müalicə kursu zamanı 12 dəfəyədək 8-10 dəqiqəlik, istiliyi 370-380 C olan Naftalan vannası qəbul edilir və xəstəlikdən asılı olaraq vannalar müəyyən nahiyəni, yaxud bütün bədəni əhatə edir. Sözsüz ki, bu vannalara əks göstərişlər də mövcuddur. Bunlara kəskin xəstəliklər, ürək, ağciyər, böyrək çatışmazlığı, ağır ürək aritmiyaları, qanaxmalar, bəzi dəri-zöhrəvi, sinir, infeksion və onkolojı xəstəliklər aiddir. Müalicə nəticəsində adətən xəstələrin ağrıları və başqa simptomları tədricən azalır, psixoloji gərginliyi aradan qaldırılır, əhval-ruhiyyəsi yaxşılaşır, yüksək effektivliklə sağalma prosesi sürətlənir.

Fizioterapiya və tibbi reabilitasiya kafedrasının dosenti S.Quliyevanın sözlərinə görə, son illərdə ölkəmizdə bayram günləri ilə qeyri-iş günlərinin ardıcıllığı təmin edilir. Bununla insanlar üçün imkan yaradılır ki, bayramlarda həm istirahət etsinlər, gəzsinlər, həm də lazım gəlsə müalicələri ilə məşğul olsunlar. Bu il Yeni il bayramı günlərində mən də fürsətdən istifadə edib, Səhiyyə Nazirliyinin Naftalanda yerləşən “Gözəl Naftalan” müalicəvi istirahət mərkəzində qısamüddətli müalicə aldım. İstirahət günləri olmasına baxmayaraq, müalicə prosedurları fasiləsiz davam etdirilir, mütəxəssislər növbə ilə işə çıxırdılar. Bu müəssisənin öz işinə məsuliyyətlə yanaşan rəhbər işçilərinə və hər bir əməkdaşına öz minnətdarlığımı bildirirəm. Sanatoriyadakı ümumi ab-hava, pasiyentlər üçün yaradılmış şərait, hollardakı yumşaq mebeldən tutmuş, nərd, şahmat, domino, dama oynamaq imkanlarınadək hər şey pasiyentlərin məmnunluğuna səbəb olurdu. Sanatoriyanın həyətində gül-çiçək və şam ağacları arasında gəzmək və yeni qurulmuş trenajorlarda gimnastika ilə məşğul olmaq müalicə və reabilitasiya üçün əlavə imkanlar yaradır. Demək olar ki, xəstələrin hamısı müalicə və istirahətdən razı qaldıqlarını bildirirdilər. Hətta ardıcıl bir necə il bu müəssisədə müalicə almış bir qadın müəssisəyə öz hesabına gözəl “Belarus” pianinosu hədiyyə etdi. Həmin musiqi aləti istirahət sahəsində yerləşdirildi və yəqin ki, artıq bacarıqlı qonaqların ifası ilə sanatoriya həyatı daha da canlanır.

Bu il respublikamızın başqa regionlarında olduğu kimi, Naftalanda da yanvar ayında havalar mülayim və xoş keçdiyi üçün hər gün prosedurlarımız bitəndən sonra səhərə gəzintiyə çıxırdıq. Naftalanda heykəllərlə, fontanlarla bəzədilmış geniş parklar salınıb. Onlardan ən çox bəyəndiyim Heydər Əliyev və Nəriman Nərimanov parkları oldu. Bu parklarda, eləcə də şəhərin boşluq olan sahələrində yüzlərlə yeni, əsasən şam ağacları əkilib və hiss olunur ki, bu bitkilərə mütəmadi qulluq edilir.

“Gözəl Naftalan”la üzbəüz qoyulmuş bir heykəl diqqətimi çəkdi. Yaxınlaşıb öyrəndim ki, o, Naftalanın 1992-ci ildə həlak olmuş ilk şəhidi İsa Məmmədovun xatirəsinə ucaldılmış abidədir.

Sonda qeyd edim ki, dünyanın bir çox ölkələrində, Ankara, London, Moskva, Sankt-Peterburq, Paris, Nyu-York kimi böyük şəhərlərdə elmi-praktik konfranslarda iştirak etmək və elmi araşdırmalar aparmaq məqsədilə səfərlərdə olmuşam. Həyatımda ilk dəfə tibbi turizm çərçivəsində ölkəmizin sağlamlıq guşəsində müalicəvi istirahət mərkəzinə üz tutdum və çox razı qaldım. Hər kəsə Naftalana getməyi tövsiyə edirəm.