Məlum olduğu kimi, ölkəmizdə "Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları" təsdiq edilib. 2015/2016-cı tədris illərində ali təhsil müəssisələrinin akreditasiyası Azərbaycan Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun aparılmalıdır. Buna uyğun olaraq təhsil müəssisələrinin akkreditasiyasının keçirilməsinə dair Təhsil Nazirliyi tərəfindən xüsusi cədvəl hazırlanıb.
Azərbaycan Tibb Universieti də həmin qrafikə uyğun olaraq akkreditasiyanı keçirəcək. Bu məqsədlə ATU rektoru, akademik Əhliman Əmiraslanovun əmrinə əsasən, akkreditasiya prosesini uğurla həyata keçirmək üçün 57 nəfərdən ibarət komissiya yaradılıb. Komissiyanın tərkibinə ATU-nun prorektorları, dekanları, kafedra və şöbə müdirləri, akademik və professorları daxildir.
Komissiyanın yaradılması ilə bağlı keçirilən iclasda qeyd olundu ki, üzvləri təhsil müəssisələrinin akkreditasiyası qaydalarına uyğun aparılmasına nəzarət edəcəklər. Onlar tərəfindən son kursda təhsil alan tələbələrin səviyyəsi yoxlanılacaq. Bir neçə aydan sonra isə komissiya üzvləri özünütəhlil toplantısı keçirəcək və nəticələrə uyğun müvafiq məlumatları Təhsil Nazirliyinə təqdim edəcək.
İclas zamanı ATU-nun tədris hissə müdiri Nəsimi Qasımov akkredasiya üçün qarşıya qoyulan tələblər haqqında iclas iştirakçılarına məlumat verdi.
Qeyd olundu ki, akkreditasiya – təhsil müəssisəsinin fəaliyyətinin dövlət təhsil standartlarına uyğunluğunun və оnun statusunun müəyyənləşdirilib təsdiq edilməsi prоsedurudur. Təhsil müəssisəsinin akkreditasiyası təhsil prоsesinin təşkilinin, maddi-teхniki bazasının, təhsil prоqramlarının, kadr pоtensialının, maliyyə resurslarının və təhsil infrastrukturunun qəbul оlunmuş dövlət standartlarına və digər nоrmativ hüquqi aktların tələblərinə uyğunluğunun öyrənilməsi məqsədi ilə aparılır və təhsil müəssisəsinin statusunun müəyyən edilməsi, оnun fəaliyyətinin növbəti müddətə uzadılması üçün hüquqi təminat yaradır.