Fevralın 14-də ATU-nun Rezidentura və magistratura şöbəsi ilə Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş “Sağlamlıq hüquqlarımız” mövzusunda birgə seminarı keçirilib
Tədbiri açan Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva bildirib ki, seminarın mövzusu çox aktual məsələyə həsr olunub: “İnsanların və ətraf mühitin sağlamlığının qorunması məhz ictimai sağlamlıq sahəsində işləyəcək mütəxəssislərin birbaşa vəzifəsi hesab olunur. Ona görə də onların bu sahədə bilik və bacarıqlarının artırılması vacibdir. Bildiyiniz kimi, ötən il COP29-a ev sahibliyi edən ölkəmizdə ətraf mühitin qorunması Konstitusiya ilə təmin edilib. Düşünürəm ki, bu gün dinləyəcəyimiz yeni məlumatlar da hamımız üçün faydalı olacaq”. Şöbə müdiri vurğulayıb ki, rezidentlər öz tədqiqatlarının nəticələrini yalnız seminar və konfranslarda deyil, həm də elmi məqalələr formasında üzə çıxarmalıdırlar.
Tədbirdə çıxış edən Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva nəzərə çatdırıb ki, Prezident İlham Əliyev 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında sərəncam imzalayıb: “2025-ci il onunla əlamətdardır ki, Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30, Vətən müharibəsində qələbəmizin isə 5-ci ildönümü tamam olur. Əsrlər boyu başına bəlalar gətirilmiş, yadelli işğalçıların hücumlarına məruz qalmış xalqımız indi ən böyük arzusuna çatıb və tarixinin ən xoş çağlarını yaşayır. Müstəqil və suveren dövlətə sahibik. Prezidentimizin 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqındakı sərəncamında da bildirilir ki, müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüz illər boyu xalqımızın ən böyük arzusu olmuşdur.
Bu gün xalqımızın milli maraqlarının Konstitusiyamızda öz əksini tapmış hüquqlarından bilavasitə bugünkü seminarımıza aid olan bir neçə maddəni qeyd etmək istəyirəm. Konstitusiyanın 39-cü maddəsinə görə, hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ var. Bu maddənin 3-cü bəndində göstərilir ki, heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz. 78-ci maddədə isə deyilir ki, ətraf mühitin qorunması hər bir şəxsin borcudur. Bundan başqa, 41-ci maddənin 2-ci bəndində göstərilir ki, dövlət əhalinin sanitariya-epidemiologiya salamatlığına təminat verir. Gigiyena ixtisası üzrə təhsil alan rezidentlər üçün bu seminarımız da Konstitusiya vasitəsilə təsbit edilmiş sağlamlıq hüquqlarımıza həsr edilib”.
Sonra söz rezidentlərə verilib. Ülviyyə Əhmədova “Uşaqların sağlam inkişafında məktəbəqədər təhsilin rolu” (elmi rəhbər: dosent Zöhrə İsmayılova), Günel Yusubova “Müasir avtonəqliyyat növləri ilə atmosfer havasının çirkləndirilməsinin müqayisəli şəkildə qiymətləndirilməsi” (elmi rəhbər: dosent Fərəh Baxışlı), Aytac Namazova “Neftçıxarma sənayesinin iqlim dəyişkikliyinə təsiri” (elmi rəhbər: dosent Minayə Nəbiyeva) və Elvira Nadirova “Tozlar ətraf mühitə və canlılara zərərverici amil kimi” (elmi rəhbər: dosent Cəmilə Salihova) mövzularında çıxış ediblər.
Çıxışlara münasibət bildirən kafedra müdirlərindən professor İbadulla Ağayev, dosent Fəridə Əli, İctimai səhiyyə fakültəsinin dekanı, dosent Qalina Qəniyeva və digərləri məruzəçilərin yaxşı hazırlığına və seminarın yüksək səviyyədə təşkilinə görə elmi rəhbərlərə təşəkkür ediblər. Onlar mövzuların günümüzün mühüm problemlərinə həsr olunduğunu vurğulayıblar.
Sonra mövzu ətrafında diskussiyalar aparılıb və bir sıra təkliflər səsləndirilib.