Fevralın 13-də ATU-nun Psixiatriya kafedrası ilə Rezidentura və magistratura şöbəsi həkim-rezidentlər üçün növbəti birgə seminar keçirib
Tədbiri giriş sözü ilə açan 2 saylı Klinik Psixiatriya Xəstəxanasının Rezidentlərlə iş üzrə məsul şəxsi, professor Zəfər Əliyev bildirib ki, bu günkü seminarın mövzusu "Fobiyalar və fobik pozuntular"dır (elmi rəhbər: dosent Leyla Mehtiyeva). Mövzuya dair fikirlərini bölüşən Z.Əliyev qeyd edib ki, fobiya müəyyən bir obyektə və ya vəziyyətə qarşı irrasional və həddindən artıq baş verən qorxudur. İnsan bu qorxusunun əsassız olduğunu bilsə də, bu, güclü narahatlıq reaksiyasına və hətta panik ataklara belə səbəb ola bilər. Seminara moderatorluq edən Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bu cür pozuntuların erkən diaqnostikası və müalicəsinin vacibliyini söyləyib. Bildirib ki, statistikaya görə, sosial fobiya ən geniş yayılmış fobiya növüdür və ona qadınlarda daha çox rast gəlinir.
Sonra məruzəçi, psixiatr-rezident Nərmin Quluzadə çıxış edərək seminarın mövzusu və fobiyaların təsnifatı haqqında məlumat verib. O, fobiyaların üç əsas növünün – agorafobiya, sosial fobiya və spesifik fobiyaların xüsusiyyətlərindən danışıb. Qeyd edib ki, fobiyalar insanın gündəlik həyatına ciddi təsir göstərə və vaxtında müalicə edilməzsə, daha ağır psixoloji problemlərə səbəb ola bilər: “Sosial fobiya insanın digər insanlarla ünsiyyətdə və ya ictimaiyyət qarşısında çıxış edərkən hədsiz qorxu keçirməsi ilə xarakterizə olunur. Agorafobiya açıq məkanlarda, izdiham içində və ya kömək ala bilməyəcəyi yerlərdə olmağa qarşı qorxunu əhatə edir. Spesifik fobiyalar isə müəyyən obyektlərə və ya vəziyyətlərə qarşı irrasional qorxu ilə səciyyələnir (məsələn, hündürlük, qaranlıq, iynə və s.)”
Müalicə üsullarına da toxunan məruzəçi bildirib ki, fobiyaların idarə olunmasında koqnitiv-davranış terapiyası, ekspozisiya terapiyası və dərman müalicəsi əsas vasitələrdir. Həssaslığın azaldılması (desensitizasiya) və kəskin qarşılaşdırma terapiyası effektivdir: “Bu metodlar insanı tədricən və yaxud birbaşa qorxduğu vəziyyətə məruz qoyaraq beynin həmin qorxunu təhlükəsiz qəbul etməsinə kömək edir. Bundan əlavə, göz hərəkətinin desensitizasiyası və yenidən emalı (EMDR) terapiyası travmatik xatirələri azaltmaqda və fobiyalarla mübarizədə faydalıdır”.
Mütəxəssislər, həkimlər, rezidentlər və tədqiqatçıların iştirak edtdiyi tədbirdə mövzu ilə bağlı diskussiyalar aparılıb, iştirakçıların sualları cavablandırılıb.