Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ABŞ-ın “Zoll Medical Corparation" Şirkətinin təqdimatı baş tutub.

  Təqdimat Təcili və Təxirəsalınmaz Tibbi Yardım zamanı tətbiq olunan yeni avadanlıqlara həsr olunub. Şirkətin Azərbaycan üzrə nümayəndəsi Cəmil Həsənovun sözlərinə görə, “Zoll Medical Corparation" əsasən təcili tibbi yardım avadanlıqları üzrə ixtisaslaşıb.

  “Bildiyiniz kimi, son illərdə Azərbaycanda bir çox sahələrdə güclü inkişaf əldə olunub. Səhiyyə, tibb sahəsi də bu sıradadır. Hər il insan həyatını xilas etməyə daha çox yardım edə biləcək yeni tibbi avadanlıqlar yaradılır. Məqsədimiz belə cihazları tanıtmaq, Azərbaycana gətirməkdir”.

  Təqdimat mərasimində kardiomonitor və defibrilyatoru özündə birləşdirən avadanlıq, onun verdiyi imkanlardan söz açılıb. Həmçinin, cihazın praktikada istifadəsi də nümayiş etdirilib. Həkimlər yeni aparatda ürək, ağciyər reanimasiyasının hansı formada yerinə yetirildiyini özləri sınayıblar. 
Mərasimdə “Zoll medical corporation” şirkətinin Rusiyadakı nümayəndəliyinin kliniki məsələlər üzrə təmsilçisi Abdulsalmanov Sergey çıxış edib.