İclası açan ATU rektoru, akademik Əhliman Əmiraslanov ilk olaraq bütün kollektivi yeni iş ilinin başlaması münasibətilə təbrik etdi.
Tədbir ilk öncə ATU-nun tərbiyə işləri üzrə prorektoru Rafiq Məmmədhəsənovun 70 illik yubileyini təbrik etməklə başladı.
Qeyd edək ki, R.Məmmədhəsənov 22 ildir ki, ATU-nun prorektoru vəzifəsində çalışır. O, son iki çağırış Milli Məclisin üzvü seçilib. Hər iki seçkidə də hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi namizədi olub. Qeyd edək ki, R.Məmmədhəsənovun namizədliyi YAP tərəfindən 3-cü dəfə - 5-ci cağırış Milli Məclisə deputatlığa namizəd kimi dəstəklənib.
Tədbirdə Rafiq Məmmədhəsənov rektor Əhliman Əmiraslanov tərəfindən “universitetin fəxri fərmanı” ilə təltif olundu.
İclasın davamında Tibb Universitetinin tədris işləri üzrə prorektoru Sabir Əliyev ATU-da 2014-2015-ci tədris ilinin yekunları haqqında hesabat və 2015-2016-cı tədris ilində universitet kollektivinin qarşısında duran vəzifələri haqqında mühazirəsi ilə çıxış etdi.
Sonda müxtəlif məsələlər müzakirə olundu.