ATU-dan nümayəndələr Gürcüstan 7-ci Avrasiya İnfeksion Xəstəliklər Konqresində

  Gürcüstanın Tbilisi şəhərində “7-ci Avrasiya İnfeksion Xəstəliklər Konqresi” (EACID 2015) keçirilib. Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmunnologiya kafedrasının əməkdaşları professor Nigar Ağayeva, dosent Ramin Bayramlı, dosent Həyat Əliyeva, t.ü.f.d Yavər Hacıyev, assistent Fidan Bağırova, həmçinin,Yoluxucu xəstəliklər kafedrasının əməkdaşları dosent Cəlal İsayev və dosent Sədrəddin Atakişizadə və hər iki kafedranın həkim-rezidentləri konqresdə iştirak ediblər.

  Konqresin elmi katibi, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının baş həkimi Ramin Bayramlının verdiyi məlumata görə, dosent Həyat Əliyeva, assistent Fidan Bağırova və Mərkəzi Klinikanın İnfeksiya Nəzarət Komitəsinin rəhbəri, t.ü.f.d Yaqut Qarayevanın İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiyanın müxtəlif mövzularına dair məruzələri konqres iştirakçıları tərəfindən xüsusi maraqla və alqışlarla qarşılanıb. Azərbaycan Tibb Universitetinin əməkdaşları ümumilikdə 10-dan artıq poster məruzəsi ilə çıxış ediblər. Konqresdə Avropalı və Asiyalı mütəxəssislərlə elmi işlər və qarşılıqlı əməkdaşlıqlar barədə fikir mübadiləsi də aparılıb.