Tələbələrin şikayət və təklifləri dinlənilib

Stomatologiya fakültəsinin tələbələri ilə görüş keçirilib. Görüşdə Tədris Departamentin müdiri, dosent Kamandar Yaqubov tələbələrə müraciət edərək, Azərbaycan Tibb Universitetində tədris və nizam-intizamla bağlı əsas məqamları diqqətə çatdırıb.

O bildirib ki, Stomatologiya fakültəsinin 4-ci kursunda sərbəst iş olduğuna görə bütün kafedralardan sərbəst işlərin mövzusunun götürülməsi xahiş olunub: “Bir sərbəst işi kollokviuma qədər, digərini isə kollokviumdan sonra təqdim etmək istənilib. Qrup nümayəndələrinə bildirilib ki, tədris prosesində və ya qrupda yaşanan şəxsi problemlərlə bağlı vaxtında fakültə rəhbərliyinə məlumat versinlər. Hər kəs, istər müəllim, istər tələbə olsun, universitetin daxili nizam-intizam qaydalarına riayət etməlidir. Bütün diqqəti tədris prosesinə yönəltmək lazımdır, ən əsası, dərslərə gecikmək olmaz”.

Tədbirin davamında Stomatologiya fakültəsinin dekanı, dosent Elmira Əliyevanın sədrliyi ilə cari problemlərin həlli, tələbələrin nizam-intizamı və qarşıda duran məsələlər müzakirəyə çıxarılıb. Görüşün əsas hissəsi tələbələrin problemlərinin dinlənilməsi və həll olunmasına həsr olunub. E.Əliyeva fakültə üzrə tələbə-dekanın keçirdiyi sorğu nəticəsində qeydə alınan şikayət və təklifləri səsləndirib.