Mülkü Müdafiə Günündə toplanış məşqi və tədbir keçirilib

1 mart Mülki Müdafiə Günü ilə əlaqədar Azərbaycan Tibb Universitetində Mülki Müdafiə Qüvvələri ilə xəbərdarlıq və toplanış məşqi, həmçinin “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbir keçirilib

Toplanış məşqində Nəsimi rayonu üzrə Fövqəladə hallar və mülki müdafiə şöbəsinin baş zabiti mayor Elgiz Paniyev, Azərbaycan Tibb Universitetinin Mülki Müdafiə Qərargahının rəisi Ramiz Əliyev, MM qüvvələrinin komandirləri, manqa və dəstə üzvləri iştirak ediblər. Məşqlərin keçirilməsinin məqsədi xəbərdarlıq sisteminin vəziyyətinin yoxlanılması, həmçinin MM qüvvələrinin şəxsi heyətinə xəbərdarlıq və toplanış üzrə vərdişlərin aşılanmasından ibarət olub.

110 nəfərin iştirakı ilə keçirilən məşqdə MM qüvvələrinin şəxsi heyətlə komplektləşdirilməsi, tabel əmlakı təchizatı və qoyulmuş tapşırıqlar üzrə nəzəri biliklər yoxlanılıb. Məşqdən sonra nəticələr təhlil edilərək müvafiq göstərişlər verilib.  

“Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda tədbirdə isə Ümumdünya mülki müdafiə gününün yaranma tarixi, cəmiyyət və dövlət strukturları tərəfindən təbii və texnogen xarakterli fövqəladə halların xəbərdar edilməsi, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, görülmüş işlər və qarşıda duran ümumi vəzifələrdən söz açılıb. Tədbirdə ATU-nun əməkdaşları, Mülki Müdafiə Qüvvələrinin komandirləri də daxil olmaqla ümumilikdə 300-ə yaxın şəxs iştirak edib.