Dünən Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Türkiyə Universitetləri ilə Azərbaycan Tibb Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında “2-ci Azərbaycan – Türkiyə Nefroloji Konfransı” öz işinə başlayıb.
Beynəlxalq əhəmiyyətli belə tədbirlərin ölkəmizdə keçirilməsinin artıq ənənə halını aldığı qeyd edilən konfransın açılışında Prezident İlham Əliyevin səhiyyə sisteminə daim xüsusi önəm verdiyi vurğulanıb. Azərbaycanda nefroloji xidmətin inkişafı ilə əlaqədar dövlət başçısının tapşırığı əsasında ölkədə çoxlu sayda dializ mərkəzlərinin açıldığı konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Bu tip tədbirlərə ev sahibliyi etməyin Azərbaycanın bütün sahələrdə, o cümlədən səhiyyə sahəsində əldə etdiyi uğurlarla bağlı olduğu qeyd edilıb.
Türk Nefroloji Dərnəyinin sədri professor Turqay Arınsoy çıxışında konfrans müddətində Nefrologiya sahəsinin yeniliklərini özündə əks etdirən məruzələrin təqdim olunacağını söyləyib.
Konfransda Türk xalqlarının - Türkiyə, Qazaxıstan və Azərbaycanın səhiyyə işçilərinin bir araya gələrək müzakirələr aparmasının ölkələrimiz üçün böyük uğur olduğu, konfransın hər üç ölkənin səhiyyə sisteminə tövhələr verəcəyi vurğulanıb.
Türk Nefroloji Dərnəyinin baş katibi Siren Sezer hər kəsə uğurlar arzulayıb, bu cür konfransların hər il keçirilməsi arzusunda olduğunu bildirib.
Sonra qonaqların əksəriyyətinin beynəlxalq konqreslərdə maraqlı məruzələri ilə tanınan məhşur alimlər olduğu vurğulanaraq, bu sahədə tanınmış mütəxəssislərə xatirə hədiyyələri təqdim edilib. Konfransın türkiyəli və qazaxıstanlı iştirakçıları da öz növbəsində xatirə hədiyyələrini azərbaycanlı həmkarlarına təqdim ediblər.
Konfrans öz işini elmi məruzələrlə davam etdirib.