Mərkəzi Metodik Komissiyanın növbəti iclasında yeni təhsil proqramları müzakirə edilib

  Oktyabrın 9-da Mərkəzi Metodik Komissiyanın növbəti iclası keçirilmişdir. Komissiyanın sədri, tədris işləri üzrə prorektor, ə.e.x., prof. S.C.Əliyev Komissiya üzvlərini gündəliklə tanış etdikdən sonra, MMK-nın 2015/2016-cı tədris ili üçün illik iş planı təsdiq olunub.

  Sonra Komissiya yenidən işlənmiş fənn proqramlarını, fakultələrin təhsil proqramlarını, müalicə-profilaktika fakültəsinin I-III kurs tələbələri üçün tərtib olunmuş inteqrasiyalı təhsil proqramını müzakirə etdi. Bu məsələlər ətrafında çıxış edən Tədris-metodik və innovasiya şöbəsinin müdiri prof. A.İ.Qurbanov Universitetdə Avropa kredit transfer sisteminə keçməklə əlaqədar fənn proqramlarında dəyişikliklərin aparılmasının zəruri olduğunu qeyd etdi. Eləcə də, ilk dəfə olaraq Universitetdə ayrı-ayrı fakultələrin təhsil proqramlarının tərtib olunduğunu qeyd edərək bildirdi ki, təhsil proqramları indiyədək ayrı-ayrı sənədlər halında mövcud olmuşdur. Müalicə-profilaktika fakültəsinin I-III kurs tələbələri üçün tərtib olunmuş inteqrasiyalı təhsil proqramını təqdim edən şöbə müdiri qeyd etdi ki, 2014-cü ildə Universitet rektorunun əmrinə əsasən yaradılmış Kurikulum Komissiyası ötən müddət ərzində inteqrasiyalı (modul tipli) təhsil proqramının ilk variantını hazırlamışdır. O, Komissiya üzvlərini proqramının detalları ilə tanış etdi. Müzakirələrdə çıxış edən Tədris şöbəsinin müdiri dos. N.V.Qasımov inteqrasiyalı təhsil proqramı üzrə tədrisin təşkili üçün qarşıda duran vəzifələrdən danışdı.

  Komissiya daha sonra “Təbib” idman klubunun tədris proqramını və 2015/2016-cı tədris ili üçün Siklik metodik komissiyaların illik iş planları təsdiq etdi.

  İclasın sonunda Mərkəzi Metodik Komissiya Universitet əməkdaşları tərəfindən hazırlanmış dərslik, dərs vəsaitləri, monoqrafiya və metodik vəsaitləri müəlliflərin iştirakı ilə müzakirə etdi. Ümumiyyətlə 1 dərslik, 7 dərs vəsaiti, 1 monoqrafiya və 2 metodik vəsaitin nəşr olunması tövsiyə edildi.