Martın 13-ü Ümumdünya Böyrək Günüdür  

Mütəxəssis bildirir ki, sağlam böyrəyin ilk şərti çoxlu su içməkdir

Hər il mart ayının ikinci cüməsi Ümumdünya Böyrək Günü kimi qeyd olunur. Bu il bu əlamətdar tarix martın 13-nə təsadüf edir. Mövzu ilə bağlı ətraflı məlumat almaq üçün Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının dosenti, Tədris Cərrahiyyə Klinikasının Urologiya şöbəsinin müdiri Fikrət Əhmədovla həmsöhbət olduq.

Bu günün uroloqlar üçün xüsusi əhəmiyyət daşıdığını bildirən F.Əhmədov, ilk növbədə hər kəsə sağlam böyrək arzuladığını ifadə etdi: “Böyrək insanın həyati vacib orqanlarından biri hesab olunur, orqanizmi və qanı toksik maddələrdən təmizləmə funksiyasını yerinə yetirir. Öz funksiyasını itirdikdə isə, insan həyatı üçün təhlükə baş qaldırır. Yəni xəstənin hemodializ prosedurlarına ehtiyacı yaranır və böyrək köçürməyə qədər xoşagəlməz vəziyyət ortaya çıxa bilər”.

Şöbə müdiri insanlara böyrəklərinin sağlamlığını qorumaq üçün bəzi tövsiyələr verdi. Onun dediyinə görə, ilk növbədə hər kəs gün ərzində 2-3 litr su qəbul etməlidir ki, orqanizmdəki toksik maddələr maye vasitəsilə xaric olunsun: “Əks halda, böyrək susuz qalır və orqanizmdən toksik maddələrin xaric olunması dayanır. Həmçinin böyrək normal funksiya göstərə bilmir və onda geriləmələr baş verir. Bununla da böyrəyin ömrü qısalmış olur”.

İnsanların 40-45 yaşlarından başlayaraq ildə bir dəfə check-up müayinəsindən keçməsini, qan və sidik analizləri verməsini məsləhət görən F.Əhmədov, bunu yaş artdıqca böyrək xəstəliklərinə rast gəlmə ehtimalının yüksəlməsi ilə əsaslandırdı: “Xüsusilə, böyrəkdaşı xəstəliyi, böyrək və sidikçıxarıcı yolların şişi xəstəlikləri aşkarlana bilər. İndi Ramazan ayı ilə əlaqədar bir çox insanlar oruc tutur. Qeyd edim ki, oruc tutanlar imsak və iftar zamanı maye qəbulunu özləri tənzimləməli, ümumilikdə sutka ərzində 2-3 litr su qəbul etməlidirlər ki, böyrəyin sağlamlığını qoruya bilsinlər. Əgər oruc tutan şəxsin qanında kreatinin miqdarı artırsa, yaxud xroniki böyrək xəstəsidirsə və ya daim böyrəkdaşından əziyyət çəkirsə, bir sözlə, böyrək funksiyası zəifləmişsə, ona oruc tutmaq məsləhət görülmür. Çünki o tip xəstələrə uzun müddət susuz qalmaq olmaz”. 

F.Əhmədov bəzi xəstəliklərin müalicəsi zamanı qəbul olunan dərmanların böyrəklərə mənfi təsirindən də söhbət açdı: “Həkimlər bu məsələni diqqətdə saxlamalıdırlar. Böyrək xəstəsi olan pasiyent başqa xəstəliklərdən müalicə olunarkən həmin şəxsin böyrəklərə toksik təsir edən dərmanları qəbul etməsinə icazə verilmir. Başqa sahənin həkimləri xəstənin böyrəklərində problem olub-olmadığını mütləq dəqiqləşdirməlidir. Eləcə də müalicənin müsbət nəticəsi olsun deyə, uroloq və ya nefroloqun rəyi alınmalıdır”.

Şöbə müdiri Tədris Cərrahiyyə Klinikasında istənilən böyrək xəstəsinə tibbi xidmət göstərmək üçün hər cür şəraitin olduğunu diqqətə çatdırdı: “Diaqnostik müayinə üsulları təkmilləşdikcə, böyrək xəstələrinin diaqnostikasının keyfiyyəti də artır. Tibbi sığorta tətbiq olunandan bizə müraciət edənlərin sayı da çoxalıb. İnsanlar xırda problemlərini belə aydınlaşdırmaq üçün müayinə olunurlar. Bu, müsbət bir tendensiyadır. O mənada ki, ilkin mərhələdə erkən diaqnoz qoyulursa, xəstəliyi tam müalicə etmək mümkün olur. Ən çox bizə böyrəkdaşı, böyrək şişləri ilə bağlı müraciətlər edilir. Bu cür xəstəliklərin yaranmasına isə daha çox oturaq həyat tərzi, zərərli qidalanma, qan dövranı pozğunluğu, az maye qəbulu və s. səbəb olur.

Onu da qeyd edim ki, klinikamızda 10 ilə yaxındır Böyrək transplantasiyası şöbəsi fəaliyyət göstərir. Əməliyyatlar professor Nuru Bayramovun rəhbərliyi ilə uğurla həyata keçirilir”.