Əczaçılıq fakültəsində TEC-in növbəti konfransı öz işinə başlayıb

Aprelin 9-da Azərbaycan Tibb Universitetinin 95 illiyi çərçivəsində Əczaçılıq fakültəsində TEC-in növbəti konfransı öz işinə başlayıb

Tədbiri açan fakültə TEC-in rəhbəri, dosent Nərgiz Məmmədova bildirib ki, bu ilki konfrans fərqli formatda hazırlanıb: 

“Konfransımz genişlənmiş iki formatda - çıxış və poster formatında təqdim olunaraq 3 gün davam edəcək. Konfransa təqdim edilmiş 87 tələbənin elmi işlərindən 54-ü seçilərək gündəliyə daxil edilib. İldən-ilə iştirakçılarının sayı artan təşkilatımız hər il qaliblərin qalibini seçir və həmişə olduğu kimi bu dəfə də belə olacaq. Bütün bunların hamısı universitet rəhbərliyinin tələbələrə elmi araşdırmalar və tədqiqat işləri aparmaq üçün yaratdığı əlverişli şəraitin, diqqət və qayğının bariz nümunəsidir. Məqsəd isə istedadlı tələbələri üzə çıxarmaq, onları dəstəkləmək və elmə olan həvəslərini daha da artırmaqdan ibarətdir”. 

Tədbirdə Dövlət Himni səsləndirildikdən və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra ATU-nun Elmi işləri üzrə prorektoru, professor Məlahət Sultan universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını toplantı iştirakçılarına  çatdırıb. Sözünə davam edən prorektor qeyd edib ki, bu onun iştirak etdiyi dördüncü elmi konfransdır. Hamısının da çox yüksək səviyyədə təşkil olunduğunu vurğulayan prorektor bildirib ki, tələbələrimiz artıq nəinki ölkə daxilində, həmçinin bir sıra yaxın-uzaq ölkələrdə öz elmi-tədqiqat işlərini təqdim edir və yüksək nailiyyətlər qazanırlar. Mayın 6-8-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və Azərbaycan Tibb Universitetinin 95 illik yubileyi münasibətilə Bakı şəhərində Tibb Festivalının keçiriləcəyini diqqətə çatdıran Məlahət xanım tələbələrə və konfransın işinə uğurlar diləyib. 

ATU-nun Tədris departamentinin rəhbəri, dosent Kamandar Yaqubov universitet rəhbərliyinin tələbələrin elmi işlərə cəlb edilməsi prosesinə xüsusi diqqət yetirdiyini və onlara tədqiqat işlərini aparmaq üçün kafedralarda lazımi şərait yaradıldığını qeyd edib. O, bu elmi konfransların tələbələrin həyatındakı əhəmiyyətindən söhbət açaraq, TEC-in beynəlxalq əlaqələrindən və son illərdə qazandığı böyük uğurlardan danışıb. 

Tədbirdə çıxış edən TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov rəhbəri olduğu qurumun son illərdəki fəaliyyətinə toxunaraq, Əczaçılıq fakültəsinin bu mənada fərqləndiyini vurğulayıb və fakültə rəhbərliyinin işini yüksək qiymətləndirib. 

Əczaçılıq fakültəsinin dekanı, dosent Fərəh Mədətli çıxışında bildirib ki, ATU-nun inkişaf strategiyasının əsas prioritetlərindən biri olan TEC-in nailiyyətləri həm də fakültənin uğurudur: “Bilirsiniz ki, Tələbə Elmi Cəmiyyəti istedadlı tələbələrin elmi bacarıqlarını sınamaq üçün bir meydandır. Bu istiqamətdə fakültəmizdə hər il müxtəlif işlər görülür və bu prosesə maraqlı olan gənclər cəlb edilir. Fakültənin professor-müəllim heyəti, TEC-in kafedralar üzrə dərnək rəhbərləri və TEC-in fakültə üzrə sədrinin ətrafında toplanan tələbələrimiz bugünkü konfransı sanki bayram kimi gözləyiblər. Tələbələrimiz tədris ilinin əvvəlindən başlayaraq elmi rəhbərlərlə birgə işləyib, mövzuları seçərək kafedralarda müzakirə edib, elmi-təcrübi işlər aparıblar. Nəhayət, qiymətləndirmə günü gəlib çatıb və bu istiqamətdə tələbələrə uğurlar diləyirəm”.

Konfransın panel sessiyasında fakültənin tələbəsi Dilşad Amurəhimzadə “Vətənin yaralarına dərmanla deyil, canlarıyla məlhəm olan şəfqət sahibləri: Əczaçılıq tarixinin igid şəhidləri” adlı sənədli videoçarxı nümayiş etdirib. 

Rəsmi hissədən sonra söz tədqiqatçı tələbələrə verilib. Üç gün davam edən konfransda məruzələrin əksəriyyəti panellər üzrə şifahi və poster təqdimatlarla nəzərə çatdırılıb. Sonda qalib tələbələrə TEC-in xüsusi diplom və sertifikatları təqdim olunub.