“LADA diabet" mövzusunda seminar keçirilib

ATU-nun Tədris Terapevtik Klinikasının Endokrinologiya şöbəsi Rezidentura və Magistratura şöbəsi ilə birgə rezidentlər üçün "LADA diabet" mövzusunda seminar keçirib

Tədbirə moderatorluq edən Rezidentura və Magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov bildirib ki, Endokrinologiya şöbəsi xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirir.
Endokrinologiya şöbəsinin müdiri, dosent Səbinə Məşədiyeva-Bayramova diabetin nadir və diaqnostikası çətin gedən forması haqda ətraflı danışıb və qarşılaşdığı maraqlı klinik hadisəni nəzərə çatdırıb. Bildirib ki, LADA (Latent Autoimmune Diabetes in Adults) 3-cü və ya 2-ci tip diabet hesab olunmur: “LADA diabet yaşlılarda (30 yaşdan sonra) yaranan tip 1 diabet  sayılır. Amma ondan fərqli olaraq gedişi və simptomatikası daha yumşaq olur. Bu xüsusiyyətinə görə onu çox vaxt 2-ci tip diabetə bənzədirlər. Tip 2 diabetli pasiyentlərdən fərqli olaraq, LADA diabetli pasiyentlər normal çəkili olur, ailədə autoimmun xəstəliklərin olması ilə xarakterizə edilirlər”.
Sözünə davam edən məruzəçi əlavə edib ki, ilk aylarda LADA diabetli pasiyentlər adətən insulindən asılı olmurlar: “Qan şəkərləri ilk vaxtlar sadə şəkərsalıcı preparatlarla tənzimlənir. Bir müddət sonra mədəaltı vəzin betta hüceyrələrinin üzülməsi nəticəsində insulin ifrazı tükənir və pasiyentlərə insulin təyin olunur. Şəkərli diabet tip 1-dən fərqli olaraq LADA diabetli pasiyentlərdə abdominal piylənmə, dislipidemiya, arterial hipertenziyaya daha çox rast gəlinir. Şəkərli diabet xəstələrinin ilk öncə ətraflı müayinəsi, ondan sonra isə müvafiq dərman və ya insulin müalicəsinin təyin olunması məsləhətdir”.
Məruzə ətrafında çıxış edənlər diskussiya zamanı anamnestik məlumatların vacibliyindən, diaqnostikadakı əsas məqamlardan danışıblar. Seminarın sonunda iştirakçıların sualları cavablandırılıb.