Tibb Universitetinə qəbul olunan xarici tələbələrlə görüş keçirilib

  2015-2016-cı tədris ilində Azərbaycan Tibb Universitetinin (ATU) hazırlıq fakultəsinə və I kursa qəbul olunan əcnəbi vətəndaşlar ilə Universitetin rəhbərliyi arasında görüş keçirilib.

  Tədbiri giriş sözü ilə açan ATU-nun Beynəlxalq işlər üzrə prorektoru, dosent Rəhimə Qəbulova, əcnəbi dinləyiciləri və tələbələri salamlayaraq, onlara karyera yolunda uğurlar diləyib. 
ATU-nun Xarici Tələbələrlə işlər üzrə dekanı, dosent İsmayıl Əfəndiyev isə bu ali ocaq barədə tədbir iştirakçılarına məlumat verib. O bildirib ki, bu il ATU-ya qəbul olunan xarici vətəndaşların sayı rekord həddə çatıb. Belə ki, I kursa və hazırlıq fakultəsinə 23 ölkədən 335 əcnəbi vətəndaş qəbul olunub.

  ATU-nun İdman Klubunun rəhbəri Kamal Kəbirlinskiy bildirib ki, Tibb Universitetində xarici vətəndaşlara müxtəlif idman növləri ilə məşğul olmaq imkanları yaradılıb.

  Daha sonra söz alan Azərbaycanda Oxuyan Əcnəbi Tələbələr təşkilatının nümayəndələri ATU-da təhsil alan xarici tələbələrin ölkəmizdə asudə vaxtlarını səmərəli keçirmələri üçün yaradılan şərait barədə danışıblar.

  Görüşdə eyni zamanda yataqxanaların vəziyyəti, xarici tələbələrin qidalanmasının təşkili, ATU-nu vaxtı ilə bitirən əcnəbi tələbələrlə əlaqələrin qurulması və s. məsələlər müzakirə olunub.

  Görüşün yekununda əcnəbi tələbələrdən iki nəfər - Milad Keshavarz və Muhammed Turut Azərbaycanda Oxuyan Əcnəbi Tələbələr təşkilatının nümayəndəsi seçiliblər.