Bu gün Azərbaycan Tibb Universitetində rezidentlərin Yekun Attestasiyasına həsr olunmuş toplantı keçirilib. Tədbirdə rezidentlərin 2014-2015-ci tədris ili üzrə yekun attestasiyasının keçirilməsi barədə məlumat verilib. Qeyd olunub ki, rezidentlərin yekun attestasiyası məqsədilə Səhiyyə Nazirliyinin 08 oktyabr 2015-ci il tarixli əmrinə əsasən 27 ixtisas üzrə Attestasiya Komissiyası təşkil olunub. Yekun attestasiyanın iki mərhələdə - yazılı, test üsulu ilə və praktiki vərdişlərin yoxlanılması formasında həyata keçirilməsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Test imtahanı ATU-nun Virtual Test Mərkəzində (VTM) baş tutacaq. Yekun attestasiyanın test mərhələsindən müvəffəqiyyətlə keçən rezidentlər ikinci mərhələdə - praktiki vərdişlərin yoxlanılmasında iştirak edə bilərlər.
ATU-nun rezidentura şöbəsinin müdiri Rizvan Məmmədov çıxış edərək attestasiya imtahanının keçirilmə vaxtı və qaydaları haqqında iştirakçıları məlumatlandırdı. Qeyd olundu ki, Yekun Attestasiyanın yazılı, test mərhələsi 23 oktyabr 2015-ci il, saat 11.00-da ATU-nun VTM-də keçiriləcək. Rezidentlər imtahandan yarım saat öncə şəxsiyyət vəsiqələrini də gətirməklə VTM-də olmalıdırlar. Onlar imtahana buraxılmaları üçün şəxsiyyət vəsiqələrini təqdim edərək VTM-də istifadəçi şifrəsini əldə etməlidirlər. Yekun attestasiyanın praktiki vərdişlərin yoxlanılması mərhələsi 29 - 30 oktyabr 2015-ci il tarixlərində saat 9.00-da ATU-nun ixtisas üzrə müvafiq kafedralarında keçiriləcək.
Qeyd edək ki, rezidentlərin yekun attestasiyasının test mərhələsində texniki səhvə yol verməmələri üçün 19-20 oktyabr tarixlərində VTM-də sınaq test imtahanları keçirilib. Ötən tədris ilində yekun attestasiyadan keçmədiklərinə görə təkrari yekun attestasiyadan keçmək hüququ saxlanılan rezidentlər də yekun attestasiyada iştirak etmək üçün müraciət etməlidirlər.