2014-2015-ci tədris ilində Tibb Universiteti tələbələrinin istehsalat təcrübəsinin yekunları müzakirə edilib
Oktyabrın 26-da Böyük Elmi Şuranın növbəti yığıncağı oldu. Yığıncağı açan universitetin tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev gündəlikdə duran məsələləri diqqətə çatdıraraq “2014-2015-ci tədris ilində Tibb Universiteti tələbələrinin istehsalat təcrübəsinin yekunları” barədə hesabat məruzəsi ilə çıxış etmək üçün sözü istehsalat təcrübəsi dekanı, dosent Şəfa Əliyevə verdi.
Məruzəçi 2014/2015-ci tədris ilində müvafiq fakültə və kurs tələbələrinin qış və yay imtahan sessiyalarından sonrakı peşə təcrübəsi haqqında ətraflı məlumat verərək qeyd etdi ki, tələbələri peşə təcrübəsinə göndərərkən Azərbaycan Respublikasının Səhiyyə nazirinin 10 iyun 2014-cü il tarixli 51 saylı, həmçinin müvafiq kurslar üzrə Tibb Universitetinin rektoru, akademik Ə.Əmiraslanovun əmrlərinə istinad edilmişdir.
Səhiyyə nazirinin 2014-2017-ci illər üçün nəzərdə tutulan yeni əmrinə əsasən 11 Elmi Tədqiqat İnstitutu, Bakı şəhərində fəaliyyət göstərən 10 Gigiyena-Epidemioloji xidmət müəssisəsi, 9 əczaçılıq müəssisəsi, Bakı şəhərindəki 67 müalicə-profilaktika müəssisəsi, Respublika ərazisində fəaliyyət göstərən 60 mərkəzi rayon xəstəxanası, Naxçıvan MR və respublika ərazisindəki şəhər səhiyyə şöbələrinin tabeçiliyində olan bütün tibb müəssisələri, ATU-nun elmi tədqiqat mərkəzi, kliniki-biokimyəvi laboratoriyası, tədris terapevtik, tədris cərrahiyyə, onkoloji və stomatoloji klinikaları, həmçinin bir sıra özəl tibb müəssisələri təcrübə bazaları kimi tələbələrin istifadəsinə verilmişdir. Bu tədris ilində də Bərdə, Cəlilabad, Füzuli, Qazax, Qəbələ, Quba, Lənkəran, Siyəzən, Şamaxı, Şirvan, Zaqatala müalicə diaqnostika mərkəzlərindən, Neftçilər xəstəxanasından da təcrübə bazası kimi istifadə olumuşdur.
Səhiyyə nazirinin yeni əmrinə əsasən Analitik Ekspertiza mərkəzi, «Azerimed MMC», «Dokta MMC», «Maymed MMC» apteklər şəbəkəsindən əczaçılıq fakültəsinin tələbələri üçün təcrübə bazası kimi istifadə olunmuşdur.
Ş.Əliyev istehsalat təcrübəsinin keçirilməsinə tədris hissəsinin rəhbərliyi ilə fakültələrin və peşə təcrübəsinin dekanlıqlarının, eləcə də hərbi tibb fakültəsi də daxil olmaqla 31 aidiyyatı olan kafedranın məsuliyyət daşıdığını söylədi: “2014-2015- ci tədris ilində 67 müəllim yay və qış peşə təcrübəsinin keçirilməsinə rəhbərlik etmişdir (2 nəfər professor, 16 nəfər dosent, 2 nəfər baş müəllim, 47 nəfər assistentlərdir). Hərbi Tibbi fakültəsində 9 nəfər t/x polkovnik-leytenantı, 2 nəfər t/x polkovniki, 3 nəfər polkovnik-leytenant, 4 nəfər mayor, 1 nəfər t/x kapitanı, 3 nəfər kapitan, 1 nəfər baş leytenant, 1 nəfər leytenant, 2 nəfər hərbi cərrahiyyə kafedrasının müəllimi, 1 nəfər baş gizir dinləyicilərin ixtisas və qoşun təcrübəsinə rəhbərlik etmişlər (27 nəfər zabit heyəti)”.
Bütün fakültələrin elmi şuralarında istehsalat təcrübəsinin yekunlarının təcrübə rəhbərlərinin iştirakı ilə geniş müzakirə olunduğunu, bir sıra tövsiyələr verilməklə fakültələrdə istehsalat təcrübəsinin yekunlarının kafi qiymətləndirildiyini bildirən dekan keçən tədris ilində təcrübənin yekunlarının Böyük Elmi Şurada müzakirəsi zamanı hörmətli rektorumuz akademik Ə.Əmiraslanovun peşə təcrübəsi dekanlığına bir sıra ciddi tapşırıqlar verdiyini vurğuladı: “Bunların arasında tələbələrin xarici ölkələrdə, xüsusən Türkiyə Cümhuriyyətində istehsalat təcrübəsi keçmələri praktikasının daha da genişləndirilməsi, təcrübə başlayana qədər rəhbərlərlə seminar müşavirələrinin keçirilməsi kimi məsələləri qarşımıza vəzifə kimi qoymuşdur. Qeyd etdiyim kimi, bu tədris ilində də 300-ə qədər tələbə xaricdə təcrübə keçmişdir. Ümumiyyətlə, 2007-2008-ci tədris ilindən bu tədris ilinə qədər Türkiyədə 1458 nəfər, Avropa ölkələrində 160 nəfər (onlardan 106 nəfəri Almaniyada), Seçenov adına I Moskva Dövlət Tibb İnstitutunda 16 nəfər təcrübə keçiblər.
Sözünə davam edən natiq keçən tədris illərində olduğu kimi, aprel ayında müalicə-profilaktika və pediatriya fakültələrinin V kurs tələbələri üçün qruplara sorğu anketləri paylandığını və tələbələr arzuladıqları rayonları bildirdikdən sonra əmr tərtib edildiyini diqqətə çatdırdı. Bildirdi ki, V kurs tələbələrindən cəmi 272 tələbə istehsalat təcrübəsini Bakı şəhərində, qalanları isə respublikanın mərkəzi rayon xəstəxanalarında və müalicə diaqnostika mərkəzlərində keçiblər.
ATU-nun Stomatoloji klinikasının rəhbərliyi ilə bərabər tələbə çoxluğunu nəzərə alaraq növbəli qrafikin tutulması, ATU-nun onkoloji klinikasından müalicə-profilaktika, tibbi-profilaktika və tibbi-biologiya fakültələri tələbələrinin təcrübə bazaları kimi istifadə ediləcəyi, bir sıra özəl tibb müəssisələri ilə təcrübə keçmək məqsədilə qeyd-şərtsiz müqavilələrin bağlanması və digər məsələlər hazırlıq dövründə görülən işlərdir.
“Peşə təcrübəsinin gedişində, ona nəzarət edilməsində öz işimizdən razı qala bilmərik, heç şübhəsiz təcrübənin təşkili, keçirilməsi məsələlərində müəyyən çatışmazlıqlar var”-deyən Şəfa Əliyev bu çatışmazlıqları aradan qaldırmaq üçün təkcə dekanlığın deyil, təcrübənin keçirilməsinə rəhbərliyə tövsiyə olunmuş əməkdaşların da öz işlərində müəyyən dönüş yaratmasının vacibliyini önə çəkərək təcrübənin keyfiyyətini yüksəltmək üçün elmi şura üzvlərindən əməli təkliflər gözlədiyini söylədi.
Məruzə ətrafında çıxış edən kafedra müdirləri Elmira Əliyeva, Elxan Kərimov, Məhbubə Vəliyeva, Mirzə Kazımov və hərbi tibb fakültəsinin rəsisi, t/x polkovniki Fəxrəddin Ağayev hesabatı qənaətbəxş qiymətləndirərək tələbələrin peşə təcrübəsi ilə bağlı fikirlərini söylədilər, təkliflərini irəli sürdülər.
Müzakirələrə yekun vuran professor S.Əliyev nəzəri biliklərin təcrübədə möhkəmləndirilməsinin əhəmiyyətinə diqqət yönəldərək bu sahədə mövcud olan problemlərin həlli yollarından danışdı: “Tədrisin, bütövlükdə mütəxəssis hazırlığının əsas vacib sahələrindən biri də təcrübədir. Desək ki, istehsalahat təcrübəmiz yüksək səviyyədədir, heç bir problemimiz, çatmayan cəhətimiz yoxdur, bu düzgün olmazdı. Təbiidir ki, son 10 ildə istehsalat təcrübəsinin aparılmasında çox böyük irəliləyişlər var. Artıq tələbələrimiz Avropa ölkələrində də istehsalat təcrübəsi keçirlər. Qardaş Türkiyəyədə təcrübə keçən tələbələrimizin sayı xüsusilə çoxdur. Bizdə təhsil alan xarici tələbələrin istəyinə uyğun olaraq onları da öz ölkələrinə göndəririk. Bunlar hamısı olduqca təqdirəlayiqdir. Ancaq etiraf etməliyik ki, həmin tələbələrə nəzarəti qaydasında apara bilmirik və hələlik apara da bilmərik. Çünki universitetimizdəki bazalarımızda, klinikalarımızda tələbələrə nəzarət edə bilirik, baza rəhbərləri, göndərdiyimiz müəllimlər, oradakı işçilərimiz məsuliyyət daşıyırlar. Ancaq Almaniyaya, Türkiyəyə və digər ölkələrə göndərdiyimiz tələbələrin təcrübəni harada, necə, proqrama uyğun keçib-keçməməsi barədə tam bilgiyə malik deyilik. Onlar gələndə təcrübəni harada keçdikləri və nəyi öyrəndikləri haqda məlumat gətirsələr də, tədris proqramının təcrübənin aparılmasına uyğunluq məsələlərində bu koordinasiya hələ qədərincə nizama salınmayıb. Universitet klinikalarında təcrübi vərdişlərin öyrədilməsi üçün olduqca səviyyəli şərait yaradıldığını vurğulayan prorektor neçə illərdir baza rəhbərlərinin və nəzarətçi müəllimlərin heç bir təkliflə çıxış etməməsindən təəssüfləndiyini də dilə gətirdi və universitet rəhbərliyinin bu məsələləri gələcəkdə də diqqətdə saxlayacağını vurğuladı.
Böyük Elmi Şura müsabiqə məsələlərini həll etməklə öz işini yekunlaşdırdı.