ATU - nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Stokholm şəhərində keçirilən görüşlərdə iştirak edib Azərbaycan Tibb Universitetinin (ATU) Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Rəhimə Qabulova 22-23 oktyabr 2015 tarixlərində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təşəbbüsü, İsveçin Ticarət və İnvestisiya Şurası, "Business Sweden" şirkətinin təşkilatçılığı və İsveçin ölkəmizdəki səfirliyinin dəstəyi ilə Stokholm şəhərində səfərdə olub. Səfər çərçivəsində həm İsveçdə, həm də Azərbaycanda tibb və əczaçılıq sahəsində fəaliyyət göstərən müəssisələr və şirkətlər arasında əlaqələrin qurulması, əməkdaşlıq yolları və müştərək fəaliyyət sahələrinin araşdırılmasına yönəlmiş görüşlər keçirilib.
Qeyd etmək lazımdır ki, tədbirdə İsveçin ən böyük və dünya miqyasında məşhur olan "Astra Zeneca", "CCC Healthcare", "GETİNGE", "HERMES", "SCA", "Mölnlycke Health Care", "Nordic Med Com", "Swedish Healthcare Management", "SECTRA" və s. şirkətləri iştirak edib. Azərbaycan isə bu tədbirdə Azərbaycan Tibb Universiteti ilə bərabər, "Avromed", "Vitta" və s. kimi iri şirkətlər ilə təmsil olunub. Tədbirdə Dos R. Qabulova "Azərbaycanda səhiyyə sistemi və gələcəyə baxış" adlı məruzə ilə çıxış edib. Azərbaycan səhiyyəsində baş vermiş inkişaf və irəliləyişlər, tibb təhsili sahəsində son illərdə həyata keçirilmiş yeniliklər, universitetdə müasir standartlara uyğun nəzəri və təcrübi biliklərin tədris edilməsi istiqamətində görülmüş işlər haqqında geniş məlumat verib. Səfərin ikinci günü nümayəndə heyətimiz İsveçin ən məşhur universitetlərindən olan Karolinska Universitetinin qonağı olublar. Görüşdə Karolinska Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, professor Maria G Masucci çıxış edərək, bu ali təhsil ocağı haqqında məlumat verib.
Tibb Xidmətləri üzrə prorektor, İntegrativ tibb üzrə professor Martin İngvar isə çıxışında universitetin nəinki Avropanın, həmçinin dünyanın ən qabaqcıl ali təhsil qurumlarından biri olduğunu, onun əsas fəaliyyətinin tədris, tədqiqat və onların nəticələrinin tibbi təcrübəyə yönəldiyini vurğulayıb. Beynəlxalq layihələr üzrə koordinator Ylva Olsson universitetin ingilis dilində tədris olunan Bakalavr və Magistr proqramlarını nümayəndə hetyətimizin diqqətinə təqdim edib. Görüşdə Dos R. Qabulova ATU haqda məlumat verib, universitetimizin Karolinska Universiteti ilə bütün sahələrdə əməkdaşlığın qurulmasında maraqlı olduğunu söyləyib. Görüşdə həmçinin ikitərəfli əlaqələrin qurulması istiqamətində atılacaq addımlar müzakirə edilib, Avropa İttifaqının müxtəlif proqramları çərçivəsində əməkdaşlığın başlanması planlaşdırılıb.