26 və 27 oktyabr 2015 tarixlərində Azərbaycan Tibb Universitetinin Tədris-Cərrahi Klinikasında DuRad Exchange (Dutch Radiology Exchange - Hollandiya Radiologiya Mübadiləsi) proqramı çərçivəsində Lighthous Consulting şirkətinin dəstəyi ilə xarici mütəxəssislərinin iştirakı ilə elmi-praktik seminar keçirilib.
Dr. Allard Olthof və Dr. Peter Fahner qaraciyər xəstəlikləri, qarinda ağrı, bazu və bud-çanaq oynaqlarının xəstəlikləri, insult, yayılmış skleroz və süd vəzisi xəstəlikləri zamanı radioloji müayinə üsullarının (USM, KT, MRT) müqayisəli xarakteristikasına həsr olunmuş məruzələrlə çıxışediblər. Mühazirə interaktiv şəkildə aparılıb və auditoriya tərəfindən böyük maraqla qarşılanıb. ATU-nun radiologiya, cərrahiyyə, travmatologiya və ortopediya, nevrologiya, onkologiya kafedraları və müvafiq şöbələrin həkimləri, rezidentləri və 6-cı kurs tələbələri müzakirələrdə fəal iştirak edərək, çoxsaylı suallar veriblər.
ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru dosent Rəhimə Qabulova, Tədris-Cərrahi Klinikanın direktoru, AMEA-nın müxbir üzvü professor Nuru Bayramov və ATU-nun Beynəlxalq Əlaqələr şöbəsinin müdiri dosent Nadir Zeynalov qonaqlarla görüşüblər. Görüş zamanı bu cür tədbirlərin əhəmiyyətindən bəhs olunub və gələcəkdə əməkdaşlığın davam etdirilməsinin vacibliyi xüsusi vurğulanıb.