Bu sənəd qarşılıqlı əlaqələrin genişlənməsi, ortaq layihələrin təşkili, birgə elmi-tədqiqatların aparılmasını nəzərdə tutur
Mayın 5-də Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Belarus Dövlət Tibb Universitetinin rektoru, professor Sergey Rubnikoviçi qəbul edib.
Həmkarların görüşündə iki təhsil müəssisəsi arasındakı əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunub. Rektor G.Gəraybəyli Azərbaycan Tibb Universitetinin fəaliyyətində prioritet istiqamətlərdən birini təşkil edən beynəlxalq əlaqələrin genişlənməsi yönündə həyata keçirilən tədbirlər, son illər əsası qoyulan uğurlu əməkdaşlıqlar haqqında ətraflı danışıb. Həmçinin ATU-nun beynəlxalq standartlara uyğun tədris proqramı, bu sahədə əldə edilmiş nailiyyətlər, ümumilikdə Azərbaycan səhiyyə sistemi barədə qonağı məlumatlandırıb.
Azərbaycana səfərindən məmnun olduğunu bildirən professor Sergey Rubnikoviç rəhbərlik etdiyi qurumun təhsil sistemi, təcrübə proqramları və universitetdə aparılan islahatlar haqqında məlumat verib. Qeyd edib ki, Belarus Dövlət Tibb Universitetində 3000-ə yaxın əcnəbi vətəndaş təhsil alır. Əcnəbi təhsilalanların sayı hər bir universitetin beynəlxalq nüfuzunun göstəricisidir. Qonaq ATU-nun əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirərək, iki təhsil ocağı arasındakı əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.
Görüş zamanı mayın 6-8-də keçiriləcək Tibb Festivalının əhəmiyyəti vurğulanıb.
Sonda rektorlar iki universitet arasında əməkdaşlıq memorandumunu imzalayıblar.
Bu sənəd ATU və BDTU arasındakı əlaqələrin genişlənməsi, ortaq layihələrin həyata keçirilməsi, birgə elmi-tədqiqatların aparılması, təcrübə və bilik mübadiləsi kimi önəmli müddəaları əhatə edir. Saziş, həmçinin səhiyyə və tibb təhsili sahəsində müasir yanaşmaları təşviq etmək məqsədi daşıyır. Memorandumda iki ali məktəbin tədris proqramlarının təkmilləşdirilməsi, yeni ixtisas və fənlərin inkişafı, beynəlxalq və regional səviyyəli birgə elmi tədbirlərin təşkil olunması da nəzərdə tutulur.
Qeyd edək ki, qonaq rektor və onunla birlikdə ölkəmizə gəlmiş nümayəndə heyəti ATU-nun Tədris Stomatoloji və Tədris Cərrahiyyə klinikalarında olub, şöbələri gəziblər. Onlara klinikaların fəaliyyəti, tədris və müalicə üçün yaradılmış şərait barədə ətraflı məlumat verilib.
Klinikalara baxış zamanı qonaqları ATU-nun İnzibati-təsərrüfat işləri üzrə prorektoru İlqar Mehrabov və Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Nigar Ələkbərova müşayiət ediblər.