Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı tədbir keçirilib

Mayın 7-də ATU-nun İctimai fənlər kafedrasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Tədbiri giriş sözü ilə açan kafedranın müdiri, professor Qoşqar Əliyev rəhbəri olduğu kafedranın Ulu Öndərin anadan olmasının 102-ci ildönümünə öz töhfəsini təqdim etməyi özlərinə borc bildiklərini diqqətə çatdırıb.

Sonra Q.Əliyev “Ulu Öndərimiz Heydər Əliyevin ideyalarının ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi” mövzusunda geniş məruzə ilə çıxış edib. O, Heydər Əliyev şəxsiyyətindən və onun ölkəmiz qarşısındakı xidmətlərindən danışıb: “Ümummilli Liderimiz ölkədə ictimai-siyasi sabitliyi təmin etməklə yanaşı, demokratik dövlət konsepsiyasını uğurla həyata keçirmiş, bu siyasi kurs bütün istiqamətlərdə dövlətimizin müstəqilliyinin möhkəmləndirilməsinə və inkişafına xidmət etmişdir. Ulu Öndərin hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, milli-mənəvi inkişaf istiqamətində gördüyü işlər əhalinin rifahının yüksəlməsinə yönəlmişdir. Onun siyasi varisi, Müzəffər Ali Baş Komandanımız, möhtərəm prezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız düşməndən azad edilmiş və bütün ölkəmiz başdan-başa abadlıq meydanına çevrilmişdir”. 

Bundan başqa, kafedranın dosentləri C.Sadıqovun “Heydər Əliyev Azərbaycan tarixi haqqında”, G.Səfərovanın “Heydər Əliyev irsində fəlsəfi düşüncə və dövlətçilik paradiqması”, F.Qəniyevanın “Heydər Əliyevin multikulturalizm dəyərlərinin gənclərə aşılanması ilə bağlı tövsiyələri”, N.Ələkbərovanın “Heydər Əliyevin iqtisadi strategiyası”, müəllim B.Qasımovanın “Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideyası” mövzularında məruzələri dinlənilib.

Çıxışlarda Ulu Öndərin nəsillərə örnək olan zəngin həyat yolundan, Azərbaycan dövlətinin möhkəmləndirilməsi və dünyada öz layiqli yerini tutması istiqamətində göstərdiyi siyasi fəaliyyətdən geniş söhbət açılıb.

Tədbirdə kafedra müdirləri professor Zemfira Məmmədova və professor Natəvan Hacıyeva da iştirak ediblər.