Azərbaycan Tibb Universitetində (ATU) rezidentlərin 2014-2015-ci tədris ili üzrə yekun attestasiyası keçirilir. ATU-nun Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədovun sözlərinə görə, oktyabrın 29-da 3 illik tədris ilini bitirən tələbə-rezidentlər imtahan veriblər. Sınaqlar 16 yerdə keçirilib.
“Bu gün isə 4 illik təhsil alan tələbələrimiz 11 ixtisas üzrə imtahan verirlər. Qeyd edək ki, bu il cəmi 27 ixtisas üzrə məzunlarımız olacaq. Onların 203 nəfəri birinci mərhələyə buraxılıb. Bunlardan 1 nəfəri imtahana gəlməyib, 13 nəfəri lazimi bal toplaya bilmədiyindən, ikinci mərhələyə buraxılmayıb. Yerdə qalan tələbələrin hamısı ikinci imtahana – praktiki vərdişlərin yoxlanılması imtahanına buraxılıblar”.
Qeyd edək ki, bu gün 4 illik proqram üzrə təhsil alan 56 rezident-tələbə imtahandan keçib. İmtahanlar şəffaf şəkildə aparılıb. Səhiyyə Nazirliyinin əmrinə əsasən, imtahanlara nəzarət xüsusi komissiya tərəfindən aparılır. Komissiyaya hər bir ixtisas üzrə professorlar və kafedra müdirləri daxil edilir.
ATU-da keçirilən yekun attestasiyalarda imtahan komissiyasının sədri rektor Əhliman Əmiraslanov, komissiyanın sədr müavini, Səhiyyə Naizrliyinin elm-təhsil şöbəsinin üzrə mütəxəssisi Təranə Əhmədova, məsul katib isə ATU-nun Rezidentura şöbəsinin müdiri Rizvan Məmmədovdur.
Xatırladaq ki, Səhiyyə Nazirliyinin 08 oktyabr 2015-ci il tarixli əmrinə əsasən 27 ixtisas üzrə Attestasiya Komissiyası təşkil olunub. Yekun attestasiyanın iki mərhələdə – yazılı, test üsulu ilə və praktiki vərdişlərin yoxlanılması formasında həyata keçirilir. Ilkin mərhələ - test imtahanı oktyabrın 23-də ATU-nun Virtual Test Mərkəzində (VTM) baş tutub. Yekun attestasiyanın test mərhələsindən müvəffəqiyyətlə keçən rezidentlər ikinci mərhələdə – praktiki vərdişlərin yoxlanılmasında iştirak ediblər.