ATU-nun futbol komandası kubok qazandı

  YAP-ın Nəsimi rayon təşkilatı oktyabr ayını “gənclər ayı” elan edib. Bununla əlaqədar bir sıra silsilə tədbirlər keçirilib ki, bunlardan da biri universitetlər arası futbol yarışlarıdır.

  ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Elşad Novruzovun sözlərinə görə, Nəsimi rayonunda yerləşən 4 universiteti təmsil edən futbol komandaları arasında yarışlar baş tutub. Azərbaycan Tibb Universitetinin (ATU) futbol komandası da yarışma iştirakçılarından biri olub.

  İlk yarış Tibb Universiteti ilə Slavyan Universitetinin komandaları arasında keçirilib və ATU-nun komandası 3:1 hesabı ilə qalib gəlib. Bu gün baş tutan final mərhələsində ATU ilə Neft Akademiyasının komandaları yarışıblar. Finalda iştirakçılara YAP Nəsimi rayon təşkilatının sədri Məlahət İbrahimqızı uğurlar diləyərək, onları oyun meydançasında fəal olmağa çağırıb. 
Daha sonra yarış başlayıb. Hər iki ali təhsil ocağını təmsil edən futbol komandaları fəallıq nümayiş etdirsələr də, oyun boyu üstünlük Tibb Universitetinin gənc futbolçularında olub. Oyun 11:1 hesabı ilə ATU komandasının xeyrinə başa çatıb.

  Qeyd edək ki, ATU-nun futbol komandasının məşqçisi Bayramov Şükür, kapitanı Rüstəmov İlkindir.