Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Fulbright mütəxxəssis proqramı” çərçivəsində hemotoloq-onkoloq,professor Alva Bowen Weirin Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ilk mühazirəsi baş tutub. Mühazirədən öncə Klinikanın direktoru professor Surxay Musayevlə görüşən qonaq pasiyentlərin müasir şərtlər daxilində müalicə alması üçün yaradılmış şəraitdən məmnun qaldığını bildirdi. Professor Surxay Musayev də öz növbəsində Alva Bowen Weirin ölkəmizə səfərini yüksək qiymətləndirdi, klinikanın mövcud geniş imkanlarından söz açdı, yaxın zamanda sümük iliyi transplantasiyasına başlanılacağını diqqətə çatdırdı, bu məqsədlə kardların hazırlandığını söylədi. Klinikanın şöbələri haqqında qonağa ətraflı məlumat verdi.
Hemotoloq-onkoloq Alva Bowen Weir daha sonra Tibb Universitetinin həkim rezidentləri və tələbələri qarşısında “Qan hüceyrələrinin artması” mövzusunda mühazirə ilə çıxış etdi, qanda eritrositlərin və trombositlərin artma səbəblərindən danışdı. Sonda həkim rezident və tələbələrin dünya təcrübəsində mövcud olan müasir müalicə üsulları ilə bağlı sualları cavablandırıldı.
Mühazirənin ardından amerikalı qonaq Tədris Terapevtik Klinikanın Hemotologiya şöbəsində oldu, müalicə alan xəstələrlə yaxından maraqlandı.
Klinikanın həkimi, Hemotologiya şöbəsinin müdiri Valeh Hüseynov amerikalı professorla birlikdə pasientlərin müalicəsinin bundan sonrakı gedişatını müzakirə etdi.
Qeyd edək ki, Alva Bowen Weirin Tədris Trapevtik Klinikasındakı növbəti mühazirəsi 06.11.2015 tarixində, Qanama (koaqulyasiya pozğunluqları) mövzusunda olacaq.