Bu gün Azərbaycan Tibb Universitetində (ATU) “Tibb tələbələri və gənc həkimlər üçün II Beynəlxalq Tibb Konqresi” işinə başladı. Əvvəlcə konqres iştirakçıları Ulu Öndər Heydər Əliyevi anaraq, onun universitetdəki büstü qarşısına gül çələngi qoydular.
Konqresdə açılış nitqi ilə çıxış edən akademik Əhliman Əmiraslanov cənab Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində son illər Azərbaycanda bütün sahələrdə olduğu kimi səhiyyə və tibb təhsili sahəsində də qazanılan uğurları konqres iştirakçılarının diqqətinə çatdırdı. O, “Tibb tələbələri və gənc həkimlər üçün Beynəlxalq Tibb Konqresi”nin təşkili ilə bağlı təşəbbüsün tarixi, tədbirin əhəmiyyəti haqqında məlumat verərək ilk beynəlxalq konqresin ötən il keçirildiyini, həmin tədbirə Türkiyə, Rusiya, İran daxil olmaqla bir neçə ölkədən professor, gənc həkim və tibb tələbələrinin qatıldığını dedi: “İki il bundan əvvəl Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə bu tədbirə başlayanda, belə səviyyədə beynəlxalq konqresin təşkilinin çətin bir iş olacağını bilirdik. Amma Tibb Universiteti olaraq bunun öhdəsindən gəldik”.
Akademik Ə.Əmiraslanov “Tibb tələbələri və gənc həkimlər üçün II Beynəlxalq Tibb Konqresi”nin gənc həkimlər və tibb tələbələri üçün faydalı olacağından əminliyini bildirərək tədbir iştirakçılarına uğurlar arzuladı. O, konqresin sonunda qaliblərin diplomla mükafatlandırılacağını bildirdi.
Qeyd edək ki, “Tibb tələbələri və gənc həkimlər üçün II Beynəlxalq Tibb Konqresi”nin keçirilməsində məqsəd dünyanın müxtəlif universitetlərinin gənc müəllim-professor və tələbə heyətinin qarşılıqlı bilik və təcrübə mübadiləsini təşkil etməkdir.
“Tibb tələbələri və gənc həkimlər üçün II Beynəlxalq Tibb Konqresi”ndə dünyanın 7 ölkəsindən onlarla gənc həkim, tələbə və professor-müəllim heyəti iştirak edir. Tədbir iştirakçıları sırasında Türkiyə, Rusiya, Gürcüstan, İran, İtaliya, Almaniya və İngiltərənin müxtəlif universitetlərinin nümayəndələri var.
Konqres işini plenar iclaslarla davam etdirərək tibb sahəsində gələcək əməkdaşlıqların formalaşdırılması, mövcud əməkdaşlıqların və əlaqələrin möhkəmləndirilməsi istiqamətində müzakirələr aparılacaq. Sonda qaliblər diplomlarla mükafatlandırılacaq.