Rezidentura və magistratura şöbəsi Böyük Elmi Şurada hesabat verib

Mayın 27-də Azərbaycan Tibb Universiteti Böyük Elmi Şurasının növbəti iclası keçirilib

 İclasa sədrlik edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli əvvəlcə  Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, Əməkdar elm xadimi, Əməkdar həkim, professor Lalə Allahverdiyevanı Böyük Britaniyanın Kembric şəhərində St Catharine’s Kollecində “COVID-19: Əsrin Xəstəliyi” (“COVID–19: Disease of the Century”) adlı kitabının təqdimat mərasiminin keçirilməsi münasibətilə  təbrik edərək, bu kitabı pandemiyanı yalnız tibbi aspektdən deyil, həm də qlobal miqyasda intellektual və strateji yanaşma prizmasından təhlil edən ilk əhatəli nəşrlərdən biri kimi cəciyyələndirib.

Bundan sonra Rezidentura və magistratura şöbəsinin mütəxəssis hazırlığının vəziyyəti və qarşıda duran vəzifələr barədə hesabatı dinlənilib.

Tibb sahəsində ixtisaslaşmanın ən yüksək mərhələlərindən biri olan rezidentura təhsilinin ölkəmizdə də səhiyyə sisteminin keyfiyyətinin artırılmasında, peşəkar həkim-mütəxəssislərin hazırlanmasında mühüm əhəmiyyət daşıdığını deyən şöbənin müdiri, dosent İlhamə Mustafayeva bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, Nazirlər Kabinetinin qərarları ilə tənzimlənən rezidentrura təhsil sistemində şəffaflıq, obyektivlik və beynəlxalq standartlara uyğunluq prinsipləri tətbiq olunur.

Onun sözlərinə görə, Rezidentura və magistratura şöbəsinin əsas fəaliyyət istiqaməti Azərbaycan Tibb Universitetinə qəbul edilimiş rezident və magistrantlar üçün tədrisin təşkili, rezidentlərin təhkim olunduqları klinik bazalarda kuratorlarla və rəhbərlərlə həm praktik vərdişlərin, həm də elmi istiqamətdə inkişafın təkmilləşdirilməsi, mövcud rotasiya proqramlarının yerinə yetirilməsi, zəruri hallarda xarici ölkə universitet klinikalarında ixtisaslarının artırılmasının təşkil edilməsindən ibarətdir.

İ.Mustafayeva 2024/2025-ci tədris ilində rezidenturaya 262 nəfərin qəbul olunduğunu diqqətə çatdıraraq qeyd edib ki, onlardan 93-ü ATU-nun məzunu, 17-si isə müsahibə yolu ilə qəbul olunan əcnəbi vətəndaşlardır.

Məruzədə dövri attestasiyanın nəticələri də öz əksini tapıb. Belə ki, 2023/2024-cü tədris ili üzrə 55 ixtisas və 26 bazadan 1084 nəfər imtahana buraxılıb, onlardan 1067 (98%) nəfəri imtahanda iştirak edib, 17 (1,5%) nəfər 60-dan aşağı bal toplayaraq növbəti 2 ay ərzində təşkil edilmiş təkrar attestasiyadan keçib.

Yekun attestasiyanın qərarına əsasən, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müvafiq əmri ilə  281 nəfər həkim-mütəxəssis adı alıb.
2025/2026-cı tədris ili üçün rezidenturaya yeni təsnifatlar üzrə Nüvə təbabəti, Oral patologiya, Oral radiologiya, Sualtı və hiperbalik təbabət, Şüa onkologiyası, Təcili tibb və Torokal cərrahiyyə ixtisaslarına qəbula dair təkliflər təqdim olunub.

Şöbənin beynəlxalq əlaqələrinə də toxunan məruzəçi rezident və magistrantların beynəlxalq konqreslərdə, vebinarlarda fəal iştirak etdiyini vurğulayıb.

İ.Mustafayeva cari tədris ilinin əvvəlində yeni qəbul edilmiş rezident və magistrantlarla Tədris işləri üzrə prorektorun, klinikaların rəhbərləri, kafedra müdirləri və kuratorların iştirakı ilə görüşlər keçirildiyini, rezidentura təhsilinin təşkili qaydaları, rezidentlərin fərdi iş planları, vəzifə təlimatları, əmək və təhsil müqavilələrinin müddəaları, kuratorların vəzifə öhdəlikləri və nizam-intizam qaydaları haqqında onlara məlumatlar verildiyini də xatırladıb. Eyni zamanda ATU-nun bazalarında rezidentlərlə keçirilən görüşlər, treninqlər, konfranslar, mühazirə və seminarlardan danışaraq, bu tədbirlərdə rezidentlərin fəal iştirakını müsbət qiymətləndirib.

Şöbənin ikinci əsas fəaliyyət sahəsi olan magistraturanın istiqamətlərindən də söhbət açan İ.Mustafayeva bildirib ki, hal-hazırda 5 ixtisas, 9 ixtisaslaşma üzrə 140 magistrant təhsil alır, 10 magistrant akademik məzuniyyətdədir. 9 magistrant isə müxtəlif səbəblərdən xaric edilib.

O, 2024/2025-ci tədris ilinin payız semestrinin qış sessiyasında I və II kurs üzrə ixtisas fənlərindən imtahanların bilet üzərindən, qeyri ixtisas fənlərdən isə İmtahan mərkəzində test üsulu ilə keçirildiyini söyləyib.

Mövcud problemlər üzərində isə ayrıca dayanaraq bildirib ki, bəzi məzunlar hələ də rezidentura təhsilindən bir “tramplin” kimi ölkə xaricində təhsillərini davam etdirmək, xüsusi ilə oğlanlar hərbi xidmətdən yayınmaq üçün vasitə kimi istifadə edirlər: “Müşahidələrimiz zamanı müəyyən edilmişdir ki, xarici rotasiyalara üstünlük verilməsində məqsəd bəzi hallarda müxtəlif ölkələrdə iş və ya təhsil icazələrinin alınması ilə bağlıdır. Bu baxımdan xarici rotasiyaların müəyyən olunmuş konkret qaydalara, eləcə də rotasiya cədvəllərinin ixtisasa uyğun təşkil edilməsinə, təhsil proqramlarının yenilənməsinə, eyni zamanda peçə kompetensiyalarının rezidentura və magistratura səviyyəsinə uyğunlaşdırılmasına və rezidentura təhsil proqramlarında nəzərdə tutulmuş kreditlərə yenidən baxılmasına ehtiyac var”.

Magistrantların elmi-tədqiqat işlərinin aparılması üçün bazaların və laboratoriyaların maddi-texniki imkanlarının artırılmasının vacibliyinə də toxunan şöbə müdiri, həkim-mütəxəssislərin yetişdirilməsi və təkmilləşdirilməsi istiqamətində müvafiq şöbələrin koordinasiyalı fəaliyyətinin əhəmiyyətini diqqətə çatdırıb.

Çıxışının sonunda professor Gəray Gəraybəylinin rəhbərliyi ilə Azərbaycan Tibb Universitetinin ixtisaslı mütəxəssislər yetişdirməklə səhiyyə sisteminin inkişafına ən gözəl şəkildə töhfələr verəcəyinə əminliyini ifadə edib.

Məruzə ətrafında çıxış edən Klinik allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva, Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova və Uşaq stomatologiyası kafedrasının müdiri, professor Rəna Əliyeva rezidentlərin iş prinsipindən, aparıcı mütəxəssislərin rəhbərliyi altında müalicə işi ilə məşğul olan rezidentlər üçün əlverişli şərait yaratmağın zəruriliyindən söhbət açıblar. Hesabat məruzəsini qənaətbəxş qiymətləndirərək təkliflərini irəli sürüblər.

Müzakirələri yekunlaşdıran professor Gəray Gəraybəyli hər iki təhsil pilləsinin ölkəmizdə yüksək səviyyədə həyata keçirildiyini vurğulayıb. Bildirib ki, rezidentura sonuncu təhsil pilləsi olaraq ölkəmizdə yüksək ixtisaslı həkim-mütəxəssis hazırlığında müstəsna əhəmiyyətə malikdir. Bu sistemə keçidin vaxtilə ciddi müqavimətə rast gəldiyini də xatırladan rektor, son illərdə rezidentura sahəsində çox böyük işlər görüldüyünü, III - IV - V kurs rezidentlərinin artıq həkim kimi formalaşdığını deyib. Eyni zamanda mövcud problemlərə də toxunaraq ilk növbədə tədris proqramlarının təkmilləşdirilməsinin zəruriliyinə diqqət çəkib. Qeyd edib ki, hər bir rezident rotasiya dövründə hansı nəzəri, praktik fəaliyyətləri yerinə yetirməli olduğunu yaxşı bilməlidir: “Mən hesab edirəm ki, bütün rezidentlərin, xüsusilə cərrahi yönümlü rezidentlərin proqramlarında praktik fəaliyyət öz əksini tapmalıdır. Ən ağrılı məsələ rotasiya məsələsidir. Daxili rotasiyalar aydındır. Yəni rezident proqram üzrə hansısa kafedraya gedir və müəyyən müddətdən sonra onun əldə etdiyi biliklər, yerinə yetirdiyi prosedurlar haqqında fərdi gündəliyində qeydlər aparılır. Xüsusi narahatçılıq yaradan isə xarici rotasiyalardır. Təhlillər göstərir ki, heç də rezidentlərin hamısı xaricə bilik dalınca getmir. Bəzi rezidentlər 1 il, 1 ildən çox rotasiyada olduqları ölkənin vətəndaşlığını almağa cəhd göstərirlər”.

Çıxışında nizam-intizam məsələsinin vacibliyini söyləyən universitetin rəhbəri, bəzən rezidentlərin bazalara gəlməmısinin səbəblərinə də aydınlıq gətirib. Onun sözlərinə görə, bunun bir səbəbi nizam-intizamın aşağı səviyyəsidirsə, digər səbəbi bəzi kafedralarda, şöbələrdə tədris səviyyəsinin aşağı olmasıdır: “Çünki rotasiya yerinə gəlməyən rezidentlərin hamısı heç də orda-burda boş vaxt keçirmir. Onların əksəriyyəti hansısa özəl klinikada öz ixtisasları üzrə mütəxəssis tapır, hətta şəxsi büdcələrindən maliyyə ayıraraq bilik və bacarıqlarını artırırlar. Ən peşəkar və hazırlıqlı mütəxəssislərin universitetimizdə olmasına baxmayaraq, rezidentlərin digər klinikalara üz tutması ciddi qüsurdur”.

Yekun nitqində rezident və magistrlərin elmi fəaliyyətinə də yer ayıran rektor, müxtəlif ixtisaslar üzrə rezidentlərə rəhbərlik edən kadrların reytinqinin yaxşı-yaxşı öyrənilməsinin vacibliyindən də danışıb və tövsiyələrini verib. Həmçinin həkimlərin sertifikasiyadan keçməsi qaydalarında ediləcək dəyişikliklər barədə şura üzvlərini məlumatlandırıb.

İclasın sonunda “Təbib” Tədris İdman Mərkəzinin yeni tərtib edilmiş əsasnaməsinin təsdiq olunması, ATU-nun Tədris-Metodik Şurasının tərkibində ikili diplom proqramları üzrə işçi qrupunun yaradılması, Şüa diaqnostikası və terapiyası, Anesteziologiya və reanimatologiya kafedralarının adlarının dəyişdirilməsi məsələlərinə də baxılıb.

Daha sonra rezidentlərin xarici rotasiyalarının təşkili, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin magistraturaya, eləcə də rezidenturaya qəbul edilməsi barədə müvafiq qərar qəbul edilib. Şəhid ailələrinin sosial müdafiəsini gücləndirmək və onların müalicələrini təşkil etmək məqsədilə ATU-nun tabeliyində fəaliyyət göstərən klinikalarda universitet hesabına müalicə olunmalarına da razılıq verən Böyük Elmi Şura dərslik, dərs vəsaitləri, metodik vəsaitlərin nəşri məsələlərini həll etməklə öz işini yekunlaşdırıb.