Bu gün Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycan Tibb Universitetinin Kardioloji Akademiyasının (ATUKA) növbəti toplantısı keçirilib.
Toplantını giriş sözü ilə açan Tədris Terapevtik Klinikanın direktoru, professor Surxay Musayev zala toplaşmış və kardiologiya sahəsində müvəfəqiyyət qazanmış hər kəsi salamlayaraq tədbirə olan böyük marağı yüksək qiymətləndirdi. O, ATUKA-nın qısa zamanda cəmiyyətdə özünə mühüm yer tutduğunu vurğuladı, həkimlərin tibb sahəsinin yeniliklərinə qarşı böyük marağını alqışladığını söylədi. Surxay Musayev bu günlərdə ölkəmizə səfərə gələn və əslən azərbaycanlı olan, hazırda Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən pulmonoloq, professor Əmir Şərəfxanini tədbir iştirakçılarına təqdim etdi. Tədris Terapevtik Klinikanın Ürək-Damar mərkəzinin rəhbəri dosent Fərid Əliyev də çıxış edərək Azərbaycan Tibb Universitetinin Kardioloji Akademiyasının yaranma tarixindən və yaradılma məqsədindən danışdı. “Birlikdə müzakirə edək “ devizi altında bu günədək 3 görüşün uğurla baş tutduğunu və günbəgün ATUKA-ya kardioloqların marağınının artdığını söylədi. O, bu günkü toplantının “Yuxu apnesi” mövzusunda olacağını, noyabr ayından etibarən isə 3 aylıq “aritmologiya məktəbinə”start veriləcəyini bildirdi.
Məktəbdə 52 ayrı mövzuda dərslərin keçiriləcəyini və bu günədək keçirilmiş ən uzun müddətli kurs olacağını vurğuladı. ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru dosent Rəhimə Qabulova da tədbirə böyük marağı Tibb Universitetinin uğuru adlandırdı və ölkəmizə ilk dəfə səfər edən professor Əmir Şərəfxaniyə uğurlar arzuladı.
Əmir Şərəfxani də öz növbəsində Azərbaycana səfərindən çox məmnun olduğunu, bu cür görüşlərin davamlı olmasını arzuladığını söylədi. Qonaq öz çıxışında yuxu pozğunluqlarını pasiyentlərin müayinə nəticələri üzərində aparılmış araşdırmalarla diqqətə çatdırdı. Yuxu pozğunluqlarının səbəblərini, əlavə risk faktorlarını açıqladı. Toplantı yerli həkimlərin sualları və diskussiyaları ilə davam etdi.