Bu yaxınlarda Niderland krallığının Utrext şəhərində “Tibb Təhsilinin Situasiyaya Bağlı Klinik Əsaslandırma vasitəsilə müasirləşdirilməsi” adlı kitabı İngilis və Azərbaycan dillərində işıq üzü görmüşdür. Qeyd etmək lazımdır ki, bu, Situasiyaya Bağlı klinik əsaslandırma metodikasına dair Azərbaycan dilində çap olunmuş ilk dərslik olub, Aİ TEMPUS programının MUMEENA layihəsi çərçivəsində, adı çəkilən qurumun Təhsil və Mədəniyyət üzrə İcraçı Agentliyinin maddi dəstəyi ilə ərsəyə gəlmişdir. Kitabın müəllifləri Utrext universitetinin Professoru Olle Ten Kate, həmin universitetin əməkdaşı Mariya van Lon, Gürcüstanın Tbilisi Dövlət Tibb Universitetinin professoru G. Simoniyadır. Kitabın Azərbaycan dili versiyasının redaktorları ATU-nun Terapevtik və Propedevtik Propedevtika kafedrasının dosenti Rəhimə Qabulova və I Cərrahi xəstəliklər kafedrasının dosenti Nadir Zeynalovdur.
Layihənin yerli koordinatoru, ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru Dos R.Qabulova müsahibəsində bildirib ki, Situasiyaya Bağlı klinik əsaslandırma (SBKƏ) Azərbaycan Tibb Universitetinin 3 il müddətində iştirakçı olduğu MUMEENA layihəsi çərçivəsində Respublikamızda Tibb təhsili sahəsində ilk dəfə tətbiq olunmuş tədris metodikalardandır. 2013-cü ilin iyun ayında Nederland Krallığı Uterxt Universitetinin professoru Olle Ten Kate və Mariya Van Lon universitetimizin tələbə-müəllim heyətinə həmin metodika üzrə təlim keçiblər və 2014-15 ci tədris ildən SBKƏ I Cərrahi Xəstəliklər kafedrasında uğurla tətbiq edilir.
2015-ci ilin dekabr ayında SBKƏ metodikası üzrə təlimlərin davam etdirilməsi və I Cərrahi Xəstəliklər kafedrasının bu sahədə müsbət təcrübəsinin yayılması planlaşdırılır.