ATU-nun əməkdaşları Qurban Bayramı münasibəti ilə təbrik olunub

 

Azərbaycan Tibb Universitetində Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının, Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və ATU-nun Həmkarlar İttifaqı Komitəsinin birgə təşkilatçılığı ilə Qurban Bayramı tədbiri keçirilib.

Tədbiri universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri, dosent Cahangir Qasımov açıb. O, tədbir iştirakçılarının diqqətinə universitetin rektoru, professor Gəray Gəraybəylinin salamlarını və təbrikini çatdırıb.

Sonra sözü Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədrinin müşaviri Cəmalləddin Quliyevə verib.

Sədrin müşaviri, tədbir iştirakçılarını Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri adından təbrik edib. Bildirib ki, bir neçə respublika komitələri birləşib, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasını yaradıb: “Birləşmiş konfedreasiyanın tərkibində olan respublika komitələrinin ən öndə gedənlərindən biri, irihəcmlisi Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsidir.

Qarşıdan istirahət günləri gəlir. Bayramınızı səmərəli keçirməyinizi arzu edirəm. İşçilərin əməyinin  mühafizəsi və istirahətlərinin səmərəli keçirilməsi ilə bağlı bir sıra əhəmiyyətli layihələr həyata keçiririk. Təhlükəsiz iş şəraitinin yaradılması daim diqqətimizdədir”.   

Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova da çıxışı zamanı rəhbərlik etdiyi komitənin fəaliyyətindən söhbət açıb. Ölkəmizdə həmkarlar təşkilatının 120 ildir fəaliyyət göstərdiyini qeyd edib: “İşçilərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi addımlar atırıq. Öz fəaliyyətimizi imkanlarımız hesabına qurur və məqsədlərimizə doğru irəliləyirik. İşçilərin əmək prosesində hüquqlarını qoruyur,  əmək və həyat şəraitinin yaxşılaşdırılması istiqamətində lazımi işlər görürük. “Kurort-turizm” İnformasioya Mərkəzinin və əməyin mühafizəsi üçün hüquqi yardım mərkəzlərinin yaradılmasını buna misal göstərmək olar.

Biz qürur duyuruq ki, səhiyyə sahəsində fəaliyyət göstəririk. Həmişə işçilərin mənafeyini qorumuşuq. Çalışmışıq ki, sertifikasiyadan keçə bilməyən həkimlərin növbəti sertifikasiyaya qədər maşları tam şəkildə ödənilsin.  

Sabah Qurban Bayramıdır. Bu həm də insanların bir-birinə mərhəmətinin, qarşılıqlı hörmətin bayramıdır. Bura əliboş gəlməmişik, sizə hədiyyə kartaları gətirmişik”.

E.Muradova tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdikdən sonra “Araz” marketlər şəbəkəsində alış-veriş etmək məqsədilə onlara hədiyyə kartları paylanıb.