Magistr dissertasiyalarının mövzuları səhiyyənin aktual problemlərinə həsr olunur

 


Mayın 5-də İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasında Menecment ixtisasının “Menecment” (səhiyyə sahəsi üzrə) ixtisaslaşması üzrə magistr dissertasiyalarının müdafiəsi keçirilib.

Müdafiə prosesində İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvləri ilə yanaşı, ATU-nun Rezidentura və magistratura şöbəsinin müdiri, dosent İlhamə Mustafayeva, həmin şöbənin müdir müavini, dosent Əfsanə Məmmədova da iştirak ediblər.

Kafedranın müdiri, dosent Yaqut Hacıyevanın verdiyi məlumata görə, magistrantlar öz çıxışlarını prezentasiya formasında təqdim edərək, onlara verilən sualları hərtərəfli cavablandırıblar. Rəyçilərin fikirləri iştirakçılar tərəfindən dinlənilərək geniş diskussiyalar aparılıb.


Qeyd edək ki, kafedrada 2020-ci ildən başlayaraq magistr tədrisi aparılır. Magistr tədrisi iki növbədə (birinci və ikinci növbə) aparılmaqla yanaşı, Azərbaycan bölməsindən başqa, ingilis bölməsində də Somalidən olan bir tələbə bu il tədrisi başa vurur.


Magistr dissertasiyalarının mövzuları kafedranın 5 illik elmi proqramına uyğun olaraq, həmçinin ictimai sağlamlıq və səhiyyə sisteminin ən aktual problemlərinə həsr edilir. Dissertasiyalarda menecmentdə liderliyin rolu, tibbi marketinqin əsasları, səhiyyədə insan resurslarının idarə olunması, tibb müəssisələrində idarəetmə prinsipləri, informasiya sistemlərinin səhiyyədə tətbiqi, icbari tibbi sığortanın tətbiqi şəraitində tibbi xidmətin vəziyyəti və s. məsələlər öz əksini tapıb.


Onu da xatırladaq ki, dissertasiya mövzularının yerinə yetirilməsi ərəfəsində TƏBİB-in tabeliyində olan tibb müəssisələri, ATU-nun klinikaları və özəl klinikalarla sıx əlaqələr qurulur.


Dissertasiya mövzularına kafedranın elmi dərəcəsi olan professor-müəllim heyəti rəhbərlik edir. İki il ərzində magistrlərə 17 fənn tədris olunur. 5 il müddətində kafedrada məhz magistrlər üçün tədris proqramına uyğun 5 dərslik hazırlanıb, 2 dərslik hazırlanma mərhələsindədir.


Hazırda kafedrada I kursda 15 nəfər təhsil alır, II kursda isə 16 nəfər magistr təhsilini yekunlaşdırır.