Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında “Təbabətin aktual problemləri -2015” mövzusunda elmi-praktik konfrans keçirildi.
Tədbirin açılışında çıxış edən akademik Əhliman Əmiraslanov bu tip konfransın artıq ikinci dəfə keçirildiyini qeyd etdi. Onun sözlərinə görə, Tibb Universitetində təbabətin aktual problemlərinə həsr olunmuş toplantının ardıcıl olaraq hər il keçirilməsi planlaşdırılıb: “konfransda müzakirə olunacaq mövzuların hər biri özünəməxsus səviyyədə vacib, önəmli mövzulardır. İnanıram ki, bu müzakirələr informativ baxımdan əhəmiyyətli olacaq, bizə xeyli məlumatlar verəcək”.
Akademik Ə.Əmiraslanov həmçinin ölkəmizdə elmin inkişafı, elmi araşdırmaların aparılması üçün hər cür şərait yaradıldığını, bu sahəyə dövlət başçısı cənab Prezident İlham Əliyev tərəfindən böyük diqqət və qayğı göstərildiyini qeyd etdi. Ə.Əmiraslanov Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyinə həsr olunmuş tədbirdə cənab Prezidentin şəxsən iştirak etdiyini, bir sıra məsələlərlə bağlı mövqeyini açıqladığını xatırlatdı.
Akademik çıxışında ATU əməkdaşlarının əldə etdiyi elmi nailiyyətlər, universitetin malik olduğu modern tibbi avadanlıq barəsində də məlumat verdi: “hazırda Tibb Universitetində mövcud olan elektron mikroskopdan ən son elmi tədqiqatların aparılması üçün istifadə olunur. ATU-nun əczaçılıq fakültəsi də qrant layihəsi çərçivəsində müasir tip cihazlar əldə edib”.
Akademik Ə.Əmiraslanov ən qürurverici hallardan biri kimi impakt faktorlu elmi jurnallarda ATU əməkdaşlarının məqalələrinin dərc olunmasını qeyd etdi: “2014-cü il ərzində tibb və biologiya bölməsindən 144 məqalə dərc olunub”.
Daha sonra “Təbabətin aktual problemləri - 2015” elmi-praktik konfransı işini məruzələrlə davam etdirdi. Konfrans iştirakçıları tərəfindən qaraciyər sirrozu zamanı transplantasiya, müxtəlif mənşəli neoplazmaların erkən diaqnostikası və proqnozlaşdırılması və digər mövzularda məruzələr dinlənildi.
Toplantıda ATU-nun əməkdaşları ilə yanaşı Ukraynanın V.K.Qusak adına təxirəsalınmaz və bərpa institutundan olan alimlər də iştirak edirdilər.