ATU-nun istedadlı tələbəsi

Şəfalı əllər rəsm çəkməyi də bacarır

Universitetimizin istedadlı tələbələrindən biri də Fəridə İbrahimlidir. O, 2 iyun 2006-cı ildə Bakı şəhərində anadan olub. Xarici Dillər Təmayüllü Gimnaziyada  8 il təhsil alıb, 2023-cü ildə isə paytaxtın 238 saylı tam orta məktəbini bitirib. Elə həmin ildə ATU-nun Müalicə-profilaktika fakültəsinə daxil olub. Hazırda 2-ci kursda oxuyur.

Özünün bildirdiyinə görə, neyrobiologiya, neyrocərrahiyyə, animasiya,  rəssamlıqla maraqlanır, mütaliəni sevir. Yaxşı əl qabiliyyəti var. Gözəl rəsmlər çəkir. Azərbaycan Tibb Universitetini də təsadüfən seçməyib: “9-cu sinifdə oxuyanda 4-cü qrupu seçdim. Çünki ən sevdiyim fənlər bu qrupda idi. Həmin dövrdə gələcək peşəm barədə çox qərarsız idim. Nəhayət, beyin orqanına olan heyranlığım və marağım məni tibb sahəsinə gətirdi. Beləliklə, ölkəmizin ən öndə gedən universitetini – Azərbaycan Tibb Universitetini hədəf seçərək hazırlaşmağa başladım. Qəbul olanda çox sevindim. Elə 1-ci kursun 2-ci semestrində universitetin Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “Rəsm” klubunda idarə heyətinin üzvü oldum, növbəti semestr isə klubun sədri seçildim. Düşünürəm ki, universitet həyatı yalnız dərslərlə məhdudlaşmamalı, tələbə həm də incəsənətlə maraqlanmalı, bunu sosial fəaliyyətlərlə birləşdirməlidir. Universitetimizdə rəsmlə maraqlanan çox istedadlı tələbələr var. Digər idarə heyəti üzvlərimizlə birlikdə bu üç semestr ərzində bir çox sərgilər və yaradıcı tədbirlər təşkil etmişik”.

“Rəsm” klubunun təşkilatçılığı ilə bir neçə rəsm sərgisi keçirilib, rəssam Şəms Səttarzadə ilə birgə seminar hazırlanıb. Gələcəkdə də sərgi və seminar keçirmək planları var: “İlk dəfə ibtidai sinifdə qələmlə anamın portretini çəkmişəm. Portretin kifayət qədər oxşar alınması mənə bu sahədə qabiliyyətim olduğunu hiss etdirdi və elə o andan rəsmə olan marağım daha da artdı. O gündən etibarən rəsm həyatımın ayrılmaz bir hissəm oldu. Bu gün də düşünürəm ki, çəkdiyim rəsmlərin keyfiyyəti təbii istedadımla bağlıdır. Son beş ildə rəssamlıq bacarığımı müəyyən dərəcədə qoruyub saxlaya bilmişəm. Ən məhsuldar dövrüm 8-ci sinifdə olub. Son vaxtlar isə dərsimin çoxluğundan rəsm çəkə bilmirəm”.

Fəridə ən çox gül rəsmləri çəkməyi xoşlayır. Bununla yanaşı, ingilis dili müəlliməsinin və qrup yoldaşı Nurtac Süleymanovanın portretlərini də çəkib. Rəngli və qara karandaşlarla işləməyi sevir: “Çünki bu materiallarla daha detallı və dəqiq işləyə bilirəm. Xüsusilə natürmort janrında işləməyi xoşlayır, ən çox isə gül rəsmləri çəkməkdən zövq alıram”.