Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi keçirilib

İyunun 13-də Bakıda Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən təşkil edilib və türkdilli ölkələrin onkoloqları arasında elmi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Milli Onkologiya Mərkəzinin Baş direktoru akademik Cəmil Əliyev Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresini açıq elan edib.

Akademik bildirib ki, Konqresdə dünyanın 10 ölkəsini, həmçinin yerli və beynəlxalq təşkilatları təmsil edən alimlər, mütəxəssislər və rəsmi şəxslər iştirak edirlər.

Cəmil Əliyev qeyd edib ki, bu tədbir səhiyyənin onkologiya sahəsi və gələcək üçün olduqca önəmlidir. “Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresi iştirakçı ölkələrdə onkoloji xidmətin təşkilinin müzakirəsi, təcrübə və bilik mübadiləsinin aparılması, onkologiyanın aktual problemlərinin birgə həlli yollarının hazırlanması üçün mühüm platforma rolunu oynayacaq. Əminəm ki, Konqresin nəticələri bizi onkologiya sahəsində əməkdaşlığa bir addım da yaxınlaşdıracaq. Bu səbəbdən Konqresin yüksək səviyyədə keçəcəyinə inanır və uğurlar arzu edirəm”, - deyə Baş direktor əlavə edib.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin Konqres iştirakçılarına təbrik məktubunu oxuyub.

Konqresdə çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev bildirib ki, qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. Nazir qeyd edib ki, 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilib. Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. 1960-cı illərdə uşaqların xərçəngdən sağalma faizi 10 idisə, hazırda bu rəqəm 90-nın üzərindədir. “Ölkəmizin onkologiya sahəsində elmi potensialının böyük bir qisminin cəmləşdiyi Milli Onkologiya Mərkəzində onkoloji xəstəliklərin profilaktikası, aşkarlanması və müalicəsi üzrə işlər uğurla həyata keçirilir. Son illərdə Milli Onkologiya Mərkəzi beynəlxalq əlaqələri daha da genişləndirir, bugünkü tədbir bunun bariz nümunəsidir”, - deyə T. Musayev əlavə edib.

Nazirin sözlərinə görə, Azərbaycanda onkoloji xəstəliklər sahəsində statistik göstəricilər də bu sahədə müsbət dinamikadan xəbər verir. “Erkən aşkarlama faizi, ömür uzunluğu və digər göstəricilər əsasında ölkəmizdə onkoloji xidmətin effektivliyini bəyan etmək olar. Ən əsası, bu gün artıq Azərbaycanda onkoloji xəstəliklərə münasibət dəyişib, onkoloji diaqnoz artıq müalicəyə çağırış kimi qəbul olunur. Bu müalicənin əsas məqsədi tək insan həyatını qorumaq deyil, həm də onun həyat keyfiyyətini təmin etməkdir. Bütün bunlar isə Azərbaycanın onkoloji xidmətinin və onun 85 yaşlı flaqmanı olan Milli Onkologiya Mərkəzinin doğru yolla inkişaf etməsinin göstəricisidir”, - deyə o vurğulayıb.

Türkdilli Dövlətlər Birliyi Onkoloqlarının Birinci Konqresinin yüksək səviyyədə təşkilinin onkologiya sahəsində əməkdaşlığa verilən əhəmiyyətin bariz nümunəsi olduğunu qeyd edən Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Azərbaycana göstərdiyi birgə səylərə və dəstəyə görə dərin təşəkkürünü bildirib. O qeyd edib ki, türk dövlətləri arasında bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də əməkdaşlıq genişlənir və güclənir. “Türk dövlətlərinin gələcəyə baxışı bizə daha sıx əməkdaşlığa malik, güclü və səmərəli təşkilata çevrilmək imkanı verir. Ötən ilin oktyabr ayında Şuşada keçirilən TDT-yə üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV iclası zamanı imzalanan Birgə Bəyannamə əməkdaşlığımızı yeni mərhələyə daşıyıb. Bu ilin aprelində Astanada təşkil olunan növbəti görüş isə bir daha qətiyyətimizi nümayiş etdirib. Həmin görüş çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatı ilə imzalanmış Anlaşma Memorandumu da bu yolda mühüm addımlardan biri olub”, - deyə Baş katib diqqətə çatdırıb.

Bu gün Türk dünyasının son dərəcə vacib olan tarixi hadisəyə şahidlik etdiyini vurğulayan Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov fikirlərinə belə davam edib: "Türk birliyi, Türk Dövlətləri Təşkilatının yaradılması Ulu Öndər Heydər Əliyevin ən ümdə arzularından biri olub. Məhz Türk Dövlətləri Təşkilatının ilk dəfə Naxçıvanda elan olunması Ulu Öndərin apardığı siyasətin nəticəsi kimi qiymətləndirilməlidir. Həmin siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir”.

Əhliman Əmiraslanov Türkdilli dövlətlərin onkoloqlarının ortaq qurumunun yaradılması təklifi ilə də çıxış edib: “Türk dünyasının çox aktiv və uğurla fəaliyyət göstərən qurumları var. Türkdilli dövlətlərin onkoloqlarının assosiasiyasının yaradılması və fəaliyyəti dövrü olaraq hər il belə tədbirlərin keçirilməsi üçün zəmin yaradacaq”.

Tədbirdə çıxış edən Qazaxıstan Onkologiya və Radiologiya Elmi-Tədqiqat İnstitutunun İdarə Heyətinin sədri Yerbol Bekmuxambetov, Qazaxıstan Milli Elmi Onkologiya Mərkəzinin İdarə Heyətinin sədri Jandos Burkitbayev, Qırğızıstan Milli Onkologiya və Hematologiya Mərkəzinin direktoru Nurbek Bukuyev, Avrasiya Onkologiya Cəmiyyətinin sədri Hilmi Kodaz, Özbəkistan Respublika İxtisaslaşdırılmış Onkologiya və Radiologiya Elmi-Praktik Tibb Mərkəzinin direktoru Mirzaqolib Tillaşayxov, Türkmənistan Elmi-Klinik Onkologiya Mərkəzinin direktoru Mive Berdımuradova və Tacikistan Respublika Onkologiya Elmi Mərkəzinin nümayəndəsi Jumaboy Sanginov çıxış edərək onkologiyanın dünyada qlobal problemə çevrildiyini bildiriblər. Eyni zamanda, son 10-15 ildə tibdə sürətli inkişafın baş verdiyini qeyd ediblər. Türkdilli ölkələrin xərçəngin erkən diaqnostikasında, onkoloji xəstəliklərlə mübarizə sahəsində təcrübəsini bölüşməsi, ortaqlıqlarını dərinləşdirməsi baxımından Konqresin əhəmiyyətinin böyük olduğunu diqqətə çatdırıblar. Konqresin ölkələrarası elmi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi, onkologiya sahəsində xidmətlərin daha da təkmilləşdirilməsinə imkan yaradacağı vurğulanıb. Çıxış edənlər ikinci konqresin təşkil olunacağı ölkəni müəyyənləşdirmək üçün püşkatmanın keçirilməsini də təklif ediblər.

Azərbaycanda bu formatda tarixdə ilk dəfə reallaşan Konqresin gedişində türkdilli dövlətlər arasında onkologiya sahəsi üzrə elmi əməkdaşlığa dair memorandum da imzalanıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın imzaladığı memorandumda onkoloqların təcrübə mübadiləsi, elmi-praktik fəaliyyətin birlikdə davam etdirilməsi, elmi işlərin bir yerdə aparılması nəzərdə tutulub.

Tədbir panel iclaslarla davam edib.

Qeyd edək ki, Konqresdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, həmçinin Amerika Birləşmiş Ştatları, Almaniya, Tacikistan və Gürcüstandan olan nümayəndələr türkdilli ölkələrdə, eləcə də dünyanın bu sahədə böyük təcrübəsi olan dövlətlərində onkoloji xidmətlərin təşkili, baş-boyun şişlərinin müalicəsi və profilaktikası, torakal onkologiya, süd vəzi xərçəngi və digər mövzularda mühazirə və çıxışları dinləyir, fikir mübadiləsi aparırlar.

Tədbirdə klinik onkologiyaya aid mövzular, onkoloji xəstəliklərin diaqnostikası və müalicəsi məsələləri geniş müzakirə olunur.

Konqresin işinə iyunun 14-də yekun vurulacaq.